Dəm qazından zəhərlənmə zamanı nə etməli? - Həkim açıqladı

 13:54 18.11.2021     1554

Azərbaycanda havaların soyuması ilə dəm qazından zəhərlənmə və ölüm hallarına rast gəlinir. Qış mövsümündə dəm qazı zəhərlənmələri daha çox müşahidə olunduğuna görə bu, soyuq aylarda ən çox rast gəlinən bədbəxt hadisələrdən hesab olunur. Ən çox mənzillərin hamam otaqlarında baş verən hadisənin səbəbi təhlükəsiz su qızdırıcılarının istifadə olunması və otaqlarda hava filtlərinin, yaxud nəfəsliyin olmamasıdır. Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün evin ventilyasiya sistemi yaxşı işləməli, hamam otağında və mətbəxdə mütləq hava çəkən olmalı, nəfəslik daim açıq qalmalı, hamam otağının qapısının aşağı hissəsində dəliklər açılmalıdır. Lakin çox vaxt insanlar deyilənlərə əməl etmirlər və sözügedən hadisələrlə üzləşməli olurlar. Dəm qazı zəhərlənməsi zamanı ölüm halının qarşısını almaq üçün ilk növbədə onun əlamətlərini bilmək və düzgün şəkildə ilkin yardım göstərmək lazımdır.

Bu vəziyyətin ölümlə nəticələnməməsi üçün dəm qazından zəhərlənmiş insana ev şəraitində vaxtında lazımi yardım göstərilməlidir. Dəm qazından boğulma zamanı tibbi-profilaktik tədbirlər xüsusi önəm daşıyır.

Tibb üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı Redaktor.az-a bildirib ki, dəm qazından boğulma zamanı insanın mərkəzi sinir sistemi iflic ola bilər:

"Qış mövsümündə dəm qazı zəhərlənmələri hər il olduğu kimi bu vaxtlarda müşahidə olunur. Ümumiyyətlə dəm qazının qarşısını almaq üçün öncədən hamamda pəncərələri açıq saxlamaq, havanı tez-tez dəyişmək lazımdır. Bu hallar vanna otaqlarında su qızdırıcıları olan yerdə baş verir. Çox təəssüf ki, indi hamam otaqlarında pəncərələri bağlı saxlayırlar və oraya hava getmir. Lakin bəzən bunun qarşısını almaq üçün qapılarda hava keçirici dəliklər olur. Bu baxımdan havada karbon dəm qazı artır və tədricən zəhərlənmələr baş verir. Dəm qazı zəhərlənmələri çox vaxt 1-ci, 2-ci, güclü, orta, zəif dərəcədə olur. İlk növbədə dəm qazından boğulmuş insan bunu hiss etmir. Yüngül formada baş gicəllənməsi olur, ürəkbulanma, yavaş-yavaş halsızlıq yaranır. İlkin simptomlar yaranan kimi insan bunu hiss etmədiyi üçün bu hallar otaq şəraitində qalaraq davam edir. Sonra keçir ikinci situasiyaya. Burada artıq dəm qazının mərkəzi sinir sisteminə təsiri başlayır və insan artıq huşunu itirir. Belə ki, təzyiq aşağı düşür, nəbz sürətlənir və hətta dezrefleksləri də itir. Bu, artıq ağır formalı dəm qazı ilə zəhərlənmə hesab olunur. Tədricən CO2 kimyəvi formullu dəm qazı mərkəzi sinir sistemini iflic edir. Buna görə də zəhərlənmiş insan özündən asılı olmayaraq huşunu itirir. Zəhərlənmə zamanı ilk növbədə pəncərəni açmaq, xəstəni təmiz havaya çıxarmaq, xəstə huşunu itiribsə, təcili sürətdə təzyiqini ölçmək və təcili tibbi yardım çağıraraq xəstəxanaya aparmaq lazımdır. Əgər yüngül formalıdırsa, onda xəstənin üzünə və bədəninin açıq nahiyələrinə soyuq su vurmaq lazımdır. Xəstənin udqunma aktı aktivdirsə, iflic olmayıbsa, ona maye vermək lazımdır. Təzyiqi aşağı olduqda ev şəraitində təzyiq qaldırıcı vasitələr verilir, başının altına yastıq qoyulur ki, vəziyyəti stabilləşsin. Huşsuz vəziyyətdə olduğu halda xəstə artıq xəstəxanaya aparılmalıdır".

Həkim qeyd edib ki, ümumiyyətlə,Azərbaycanda bu, hər il belədir və məhz qış mövsümünün gəlməsi ilə bağlı olaraq həmin bu aylarda daha da artır:

"Buna görə də insanlar bu məsələyə ciddi yanaşmalıdır, bu mövzuda çox diqqətli olmalıdırlar, çünki bu onların ilk növbədə özündən asılıdır. Hamam şəraiti təhlükəsiz şəraitə gətirilməlidir. Binalar tikilən zaman hamam otaqlarında pəncərələri hörürlər və bununlada otaqlara hava çəkməyə, işıq düşməyə yer qalmır. Bu da öz növbəsində belə fəsadlarla nəticələınir. Zəhərlənmənin ağır formasında mütləq zəhərlənmiş şəxs xəstəxanaya yerləşdirilməli və zəhərlənməni aradan qaldıran sistemlər, həmçinin digər üsullar tətbiq edilməlidir".

Şəmsiyyə Namazlı vurğulayıb ki, dəm qazı zəhərlənməsi orqanizmdə müəyyən vaxt ərzində qalıcı fəsadlar da törədir:

"Dəm qazından zəhərlənmə həm agciyərə, həm də qaraciyərə ciddi toksiki təsir göstərir. Boğulmanın ağır forması zamanı xəstə vəziyyətdən çıxana kimi onun orqanizmində qalıcı fəsadlar yaranır. Daxili orqanların ultrasəs müayinəsi zamanı qaraciyərdə və ağciyərdə olan dəyişikliklər üzə çıxır. Bu zaman ağciyərdə təngnəfəslik qala bilər".

Nuranə TOFİQLİ