"Tətbiq edilən yeni yanaşmalar insanların xeyrinə olmalıdır" - Zahid Orucdan ETİRAZ

 14:56 18.11.2021     602

"Bu gün Azərbaycanda 100 minlərlə insan sığorta stajını, sığorta kapitalını toplaya bilmir. Hər nazir dəyişdikcə, yenilədiyimiz sabit olmayan pensiya qanunvericiliyi, mürəkkəb hesablamaya malik təqaüd siyasətinin nəticəsidir. Pensiya siyasəti sadə olmalıdır. Ötən 3 ildə əlillik və pensiya təyinatı ilə bağlı 211 min nəfəri də biz o hüquqdan məhrum etmişik".

Bunu Redaktor.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirib.

Millət vəkili deyib ki, post-sovet məkanına daxil olan dövlətlərdə pensiya qanunvericiliyi və digər sosial məsələlərlə bağlı yeni yanaşmalar tətbiq olunur:

“Qonşu ölkə Gürcüstanda 2003-cü ildə hakimiyyətə gələn Saakaşvili və onun komandası bu sosial fenomenə yanaşması fərqli oldu. Onlar deyirdi ki, insanların pensiya ayırmalarını dövlətin ələ alması və illərlə özündə saxlaması sosial ədalətsizliyi pozur və başqa mexanizmlər yaradılmalıdır. Azərbaycan qanunvericiliyində illərdir bu məsələ ətrafında müəyyən dinamika yaşanıb və bəzi dəyişikliklər edilib. Lakin hesablama sistemi ən sonda mürəkkəb olaraq qalmaqdadır. Ötən illər ərzində pensiya stajı ilə bağlı sosial amnistiya qərarları həyata keçirildi. Həmin vaxtlarda 21 illik müddətdən söhbət gedirdi. İndi isə 25 illik sığorta stajı dövründən və sığorta kapitalından danışırıq”.

Komitə sədri qeyd edib ki, bu rəqəmlər müxtəlif sahələrdə dəyişir:

“İndiki halda 28800 manat vəsaitdən söhbət gedir. Minimum əmək haqlarının aşağı həddi və pensiyaların məbləği dəyişən kimi bu rəqəmdə də dəyişiklik baş verir. İnsanlar özlüyündə bunu sona qədər təqib edə bilmir. İnsanlar həyatının müəyyən dövründə illərlə topladığı büdcədə qalan vəsaiti hesablaya bilir. Bununla yanaşı bizim mütərəqqi pensiya qanunvericilikləri və təcrübələrini daha dərindən tətbiq etmək üçün resurslarımız var. Yaşa görən pensiya alan 707 min insanın 163 mini çalışmaqda davam edir. Bu özlüyündə həm də onun göstəricisidir ki, bu kateqoriyadan olan insanlar nəzərdə tutulan kapitalı toplaya bilmir. Pensiya yaşına çatmaq həyatın rifah, qayğısız, işdən gedərək yeni nəsillərə yol açmaq, həyatını daha dərindən yaşamaq dövrü kimi qəbul edilir. İndiki halda pensiya qanunvericiliyinin sadə və sabit olması özlüyündə cəmiyyət üçün bir siqnal vermiş olur. Belə olan halda işə qəbul edənlər də, işçilər də öz həyatını planlaşdıra bilir. Özəl pensiya fondlarının yaradılması və o vəsaitlərin orada toplanması, kredit resursu kimi yönəldilərək həmin kateqoriyadan olan insanlara müəyyən gəlirlər, faydalar gətirməsi, əmanət kateqoriyasında götürülərək resurs kimi baxılması hökumətin müvafiq mexanizmlərinin işləməsindən asılıdır. Dövlət çevik menecment tətbiq etməklə ən həssas təbəqənin ödəmələrində onların mənafeyi üçün daha yararlı strategiya seçə bilər”.

Z.Oruc vurğulayıb ki, əmək fəaliyyətinə başlayan insanlar həyatının ahıl dövrü üçün ehtiyat formalaşdırır:

“Bu müqəddəs vəsaitdir. Çünki bizim əmək haqqlarımızdan çıxılır. İnsanlar bunun üçün 20-30 il gözləyir və vətəndaşın ödədiyi digər rüsum və ödənişlərdən qat-qat fərqli vəsaitdir. Dünyada belə bir norma var ki, insanlar pensiyaya çıxdıqdan sonra minimum 12 il ərzində istifadə etməlidir. Bundan ötrü orta ömür müddəti artmalıdır. Azərbaycanda Hesablama Palatasının rəy sənədində yaşı 65-i keçən insanların sayının artdığını görə bilərik. Bu yaxşı rəqəmdir. İki müharibəni yaşayan bir millət üçün bu yaxşı göstəricidir. Lakin əhalinin min nəfərinə düşənlərin içərisində ölüm sayı yaşlılar arasında necə bölünür? Hesab edirəm ki, hökumət və ya nazirlik strukturlarında dəyişiklik olarkən tətbiq edilən yeni yanaşma insanların xeyrinə olmalıdır. Heç bir halda mürəkkəbləşməyə, insanların sosial mənafelərini çətin suallar qarşısında qoymağa xidmət edilməməlidir”.

Şəbnəm  MEHDİZADƏ