Heç kimdən pensiya ödənişləri geri alınmır - Komitə sədrindən AÇIQLAMA

 17:05 18.11.2021     484

Bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı bildirib ki, cari ilin 10 ayında təqribən 211 min insanın əsassız pensiyası ləğv edilib ki, bununla da 500 milyon manata qənaət edilib.

Bəs görəsən, insanların pensiyasının kütləvi şəkildə kəsilməsi ölkədə sosial narazılığa gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, sosial ədalətin təmin edilməsi üçün əsassız pensiyalar ləğv edilməlidir:

“İlk növbədə qeyd edim ki, əhalinin pensiyası yox, əsassız pensiya ödənişlərinin məbləği kəsilib. Digər tərəfdən əlillik müddəti bitən şəxslər yenidən ekspertizadan keçir. Onların əlillik vəziyyəti yenidən qiymətləndirilir. Əlilliyi olan şəxslərə yenidən əlillik dərəcəsi verilir və o, yenidən pensiyasını alır. Əlillik dərəcəsi ala bilməyən, sağlam olduğu aşkarlanan, sənədlərində qüsurlar olan şəxslər pensiya almaq hüququnu itirir. Biz əgər sosial ədalət istəyiriksə, haqqı çatana bu haqqı verməliyik. Haqqı çatmayana niyə pensiya verilsin?"

Deputat bildirib ki, vaxtilə saxta pensiya alan çox insan olub:

“Digər tərəfdən qanunsuzluqdan və sosial ədalətdən danışırıqsa, mən bunu doğru yanaşma hesab edirəm. Amma heç şübhəsiz müəyyən qrup insanlar var ki, onların ekspertizası aparıldıqda bəzi səhvlərə yol verilir. Sənədlərin doldurulmasında baş verən nöqsanlara görə geri qaytarılır və həmin şəxslərin eskpertizası vaxtında aparılmır. Bu insanların narazılığını anlayırıq. Belə halların aradan qaldırılmasını zəruri hesab edirik. Saxta əlilliklə mübarizdən söhbət gedirsə, kiməsə saxta əlillik verilə bilməz. Bu doğru yanaşma deyil. Zamanında belə hallar çox olub.  Bu il vaxtilə əlillik dərəcəsi alan 80 mindən çox insanın əlillik müddəti bitib. Onlar artıq müraciət etməyib. Niyə? Çünki özləri yaxşı bilir ki, onların əlillik dərəcələri saxta sənədlər əsasında təyin olunub. Həqiqətən xəstəlikləri olan şəxslər müraciət edir və onların müraciətləri vaxtında düzgün qiymətlənidirilir. Bəzi nöqsanlar var ki, o nöqsanlar aradan qaldırılmalıdır”.

Deputat əlavə edib ki,qanunvericiliyə əsasən 10 faizdən çox olmamaq şərtilə artıq ödənilən pensiya tutula bilər:

“Bu 5-7 faiz də ola bilər. Əgər bu vətəndaşın günahı ucbatından baş veribsə, yəni vətəndaş saxta sənəd təqdim edib, yaxud stajı çox göstəribsə, əmək haqqı ilə bağlı saxta sənəd təqdim edibsə, o zaman pensiyalar geri tutulur. Qalan hallarda heç kimdən pensiya ödənişləri geri alınmır. Bu qanunvericiliyin bir tələbidir. Əgər kimsə bunu qaytara bilmirsə, vaxtında niyə saxta sənəd təqdim edib saxta pensiya alırdı? Kiminsə etirazı varsa, məhkəməyə müraciət edə bilər”.

Şəbnəm Mehdizadə