“Qonşu Gürcüstanda hətta uşaq geyimləri ƏDV-dən azaddır" - Deputatdan uşaqlarla bağlı TƏKLİF

 23:03 18.11.2021     98

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.

Redaktor.az xəbər verir ki, o, xaricdən gətirilən çap məmulatlarına, KİV məhsullarına tətbiq olunan ƏDV-nin ləğv edilməsinin nəzərdə tutulmasını alqışlayıb:

“Hesab edirəm, bu kitab çapına, nəşriyyat işinə bir təkan olacaq, bununla da kitabların, o cümlədən dərs vəsaitlərinin ölkəyə gətirilməsi və ölkədə nəşri işi yeni imkanlar qazanacaq və müvafiq olaraq, qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq. Bu həm də yeni iş yerlərinin açılmasına səbəb olacaqdır.

Biz Mədəniyyət Komitəsi olaraq, cənab Prezidentə çox minnətdarıq ki, bu sahələrə daim diqqət və qayğı ilə yanaşır”.

Millət vəkili çıxışında Uşaq qidaları və bezlərinin əlavə dəyər vergisindən azad olunması təklifi ilə də çıxış edib.

Q.Paşayeva toxunduğu mövzunu minlərlə azərbaycanlı gənc ailənin əsas problemi kimi xarakterizə edib, anaların bu məsələyə parlamentin diqqət göstərməsi xahişini səsləndirib:

“Qonşu Gürcüstanda hətta uşaq geyimləri ƏDV-dən də azaddır. Azərbaycanda da uşaq qidaları və bezlərə ƏDV ya ləğv edilsin, ya da azaldılsın. Uşaqların qidalanması onların bütün gələcəyi ilə bağlıdır. Bu, bizim genefondumuzla bağlı bir məsələdir. Kifayət qədər az və orta təminatlı ailərimiz var və uşaq qidaları və bezlər onlar üçün bahalıdır. Biz çox xahiş edirik ki, boşanan ailələrin, aliment ala bilməyən anaların sayını nəzərə alaraq, gənc ailələrə dəstək məqsədi ilə uşaq qidaları və bezlərə tətbiq edilən ƏDV azaldılsın. Bu ailələrə dəstək olardı. Bu məsələyə baxılması vacibdir".