Fəhlə ölümünün artmasına səbəb nədir? - Günah öləndədir, yoxsa... - ARAŞDIRMA

Tikinti sektorunda bədbəxt hadisələrin sayı artmaqdadır. Bir neçə həftə bundan əvvəl Bakıda istehsalat qəzası nəticəsində növbəti bədbəxt hadisə yaşanıb.
Belə ki, noyabrın 15-də paytaxtın Nəsimi rayonunda “Təmizlik.az” şirkətinin işçisi Səid Hüseynlinin iş görərkən həyatını itirib.
Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Səid Hüseynli Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən hündürərtəbəli binanın 19-cu mərtəbəsində fasad şüşələrini silərkən kəndir ip qırılıb və Səid Hüseynli yıxılaraq ölüb.
İş zamanı yaşanmış daha bir faciəvi hadisə noyabrın 12-sində Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Qaradağ” ASC-yə məxsus daş karxanasında qeydə alınıb. Qaradağ Rayon Prokurorluğundan bildirilib ki, daş karxanasında maşinist işləyən Əbülfəz Hacıyev idarə etdiyi daş kəsən mişar maşın-kombaynın mühərrik hissəsinə ilişərək mühərrikin hərəkətdə olan hissəsinin arasında qalması nəticəsində hadisə yerində ölüb.
Lakin elə hal olub ki, bir gündə iki fəhlə ölümü qeydə alınıb. Bunlardan biri Sumqayıtda tikinti zamanı, digəri isə Bakıda daş karxanasında baş verib. Sumqayıt Prokurorluğu noyabrın 2-də şəhər sakini, 1981-ci il təvəllüdlü Seyhan Həsənalıyevin hündürlükdən yıxılaraq ölməsi barədə məlumat verib.
Araşdırmalarla müəyyən olunub ki, tikintidə fəhlə işləyən S.Həsənalıyev iş görən zaman binanın 9-cu mərtəbəsindən yıxılaraq ağır xəsarətlər alması nəticəsində ölüb.
Noyabrın 2-si yaşanan digər bədbəxt hadisə isə Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasında olub. Qaradağ Rayon Prokurorluğu bildirib ki, 1986-cı il təvəllüdlü Cəmaləddin Zeynalov işlədiyi daş karxanasında hərəkətdə olan “Kamaz” markalı avtomobilin yük yerindən ehtiyatsızlıqdan yerə yıxılaraq təkər altında qalması nəticəsində hadisə yerində ölüb.
Bu hadisələr onu göstərir ki, iş zamanı fəhlə və işçilərin ölümləri ən çox hündürmərtəbəli binaların, obyektlərin, fərdi evlərin tikinti, inşaat işi, texnoloji proseslər zamanı yaşanır. Bunun başlıca səbəbi isə tikinti və istehsalat sektorunda inşaat meydançalarında təhlükəsizlik qaydalarına əməl edilməməsidir. İşçilər çox vaxt lazımi olan qorunma vasitələrindən istifadə etmirlər, yəni dəbilqəsiz, qoruyucu kəmər olmadan işləyirlər. Bunun məsuliyyəti isə ilk növbədə tikinti şirkətlərinin və işəgötürənərin üzərinə düşür.
Sual yaranır ki, bu sahədə işçilərin əmək mühafizəsi və texniki təhlükəsizlik qaydaları hansı səviyyədə qorunur? Peşə vəzifələrinin yerinə yetirilməsi zamanı təhlükəsizliyə təminat verilirmi?
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanladıq. Qurumdan Redaktor.az-a bildirilib ki, işəgötürənlər işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:
"İstehsalat qəzası nəticəsində xəsarət almış işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin himayəsində olmuş şəxslərə (faydalanan şəxslərə) sığorta ödənişlərinin verilməsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli qanununun tələblərinə müvafiq qaydada həyata keçirilir. İşəgötürənlər (hüquqi və ya fiziki şəxslər) bu Qanunla müəyyən edilmiş qaydada öz işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirmək vəzifəsi daşıyırlar. Qanunda istehsalat qəzası nəticəsində xəsarət almış işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin himayəsində olmuş şəxslərə (faydalanan şəxslərə) aylıq, birdəfəlik və əlavə sığorta ödənişlərinin verilməsi nəzərdə tutulmuşdur. İşçilər icbari sığorta olunmadığı təqdirdə işəgötürənlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunurlar. İstehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq həmin faktla əlaqədar araşdırma aparılır və araşdırmanın nəticəsində bədbəxt hadisənin səbəbləri, eyni zamanda hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol verilmiş şəxslər müəyyən edilir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tətdirlər görülməsi üçün araşdırma materiallarının surəti hüquq-mühafizə orqanlarına göndərilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. Həmin maddənin 3-cü abzasına əsasən binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsi mülkiyyətçinin və işəgötürənin əməyin mühafizəsi sahəsində vəzifələrindən biridir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.2-ci maddəsinə əsasən binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur".
Hüquqşünas Şamil Paşayev mövzu ilə bağlı saytımıza bildirib ki, tikinti-inşaat və istehsalat sektorunda baş verən bədbəxt hadisələrdə səbəbli əlaqə olmalıdır. Bu zaman məsələ araşdırılır, texniki təhlükəsizlik qaydalarına hansı tərəfin əməl etmədiyi müəyyən olunur.
“Tikinti inşaat sektorunda təhlükəsizlik qaydalarının pozulması işçilərin ölümünə səbəb olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-ci maddəsinə əsasən bununla bağlı məsuliyyət nəzərdə tutulur. Əmək mühafizə qaydalarının pozulması işçi ilə işəgötürən arasında müqavilə bağlanarkən təhlükəsizlik qaydalarının təmin edilməsi işəgötürən tərəfindən həyata keçirilməlidir. Eyni zamanda, burada işçinin üzərinə də hansı tədbirləri görməyin zəruri olduğu bildirilir. Məsələn fəhlələrə kaska, xüsusi geyim verilməlidir, onlar günün isti saatlarında işləməməlidir. Ümumi təhlükəsizlik qaydalarına riayət olunmasına dair buna cavabdeh olan işəgötürən burada maddi məsul şəxs təyin edir. Məsələn, tikinti işində briqadir, mühəndis, növbə rəisi olur. Sözügedən məsul şəxslər işçilərin barəsində təşkilati və sərəncamverici funksiyalara malik olurlar. Eyni zamanda, hər bir tikinti şirkətində, idarədə təhlükəsizlik məsələləri üzrə müşavir, yaxud müavin olmalıdır".
Ş.Paşayev qeyd edib ki, son vaxtlar tikinti şirkətlərində və idarələrdə heç bir nəzarət yoxdur:
"Əmək qanunvericiliyinin tələblərinə görə, hər bir əməkdaş təhlükəsizlik qaydaları ilə mütəmadi tanış edilməlidir. Məsələn, bəzən işçilərə saxta kitablar təqdim olunur və guya təhlükəsizlik qaydaları ilə tanış olmaları barədə işçilərə aldadılaraq saxta sənəd imzaladılır. Amma əslində heç bir təhlükəsizlik qaydaları ilə tanış olmurlar və işəgötürənin özü, yaxud təhlükəsizlik qaydalarına nəzarət edən şəxs həmin məsələlərdən xəbərdar olmur. Ona görə də bunlar məsuliyyət xarakteri daşıyır. Məsuliyyət dedikdə isə dövlət qurumları artıq yoxlamalar qadağan edildiyinə görə, təxminən 4 ilə yaxındır tikintilərə yaxud digər obyektlərə az hallarda nəzarət edirlər. Lakin burada nəzərə almaq lazımdır ki, təhlükəsizlik qaydalarının pozulması ilə işçinin ölümü arasında səbəbli əlaqə olmalıdır. Əgər səbəbli əlaqə yoxdursa, burada işəgötürənin də hər hansı bir günahı olmur, yəni bəzən işçilər özləri sərbəst qərarlar verirlər. Yəni, onlar təlimatlandırılsa belə özləri bildiyi kimi işləyirlər. Heç bir işəgötürən istəməz ki, onun işçisi ölsün, çünki ən azından o, cinayət məsuliyyətinə cəlb olunur. Ona görə də, bu hallar işəgötürənin də marağında deyil. Ancaq bu hadisələrdə işəgötürənin də kifayət qədər səhvi var. Aparılan istintaqlarda biz bunu görürük. Amma İşçilərin özlərinin verdikləri qərarlar da az deyil".
Hüquqşünasın sözlərinə görə, şirkət sahibləri və sahibkarlar pula qənaət edirlər və işçiləri lazım olan təhlükəsizlik ləvazimatları ilə təchiz etmirlər:
"Hündürlükdən yıxılma hallarında adətən işçilərin başında kaska olmadığını, lazımi əlcəkləri taxmadığını dəfələrlə müşahidə edirik. Həmin işçilərin bellərində onları saxlamalı olan iplərin olmadığını müəyyən edirik. Bu vəziyyəti isə iki yerə ayıra bilərik. Belə ki, bəzi yerlərdə işəgötürənlər maddi xərcdən dolayı fəhlələri və işçiləri lazımi qoruyucu vasitələrlə təmin etmirlər. Digər halda isə yuxarı mərtəbələrdə iş görən fəhlələr özlərini bu iplərlə narahat hiss etdiklərinə görə buna əməl etmirlər. Əgər baş verən hadisə işçinin öz səhvi ucbatından olursa, bu zaman heç kəs məsuliyyətə cəlb edilmir. Tikinti şirkətinin, idarəsinin vəzifəli şəxsləri üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmədikdə, yəni xidməti vəzifələrinə laqeyd yanaşdıqda onların məsuliyyətə cəlb olunmağı təmin olunur. Lakin vurğulamaq lazımdır ki, bu zaman baş verən hadisədə səbəbli əlaqə olmalıdır”.
Nuranə TOFİQLİ