Azərbaycanda özəl pensiya fondları yaradılacaq? - Komitə sədrindən AÇIQLAMA

 14:08 26.11.2021     1567

Azərbaycanda son zamanlar əsas müzakirə mövzularından biri də pensiyalarla bağlıdır. Qadınlar üçün pensiya yaşının aşağı salınması, vətəndaşın vəfat etməsindən sonra onun pensiya yığımlarının vərəsəsinə verilməsi kimi məsələlərlə yanaşı, özəl pensiya fondlarının yaradılması da təklif edilir.

Bəs görəsən, Azərbaycanda özəl pensiya fondlarının yaradılması nə dərəcədə realdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, özəl pensiya fondlarının yaradılması hazırda gündəmdə yoxdur və real görünmür:

“Dövlət sosial sığorta fondları tam oturuşmuş vəziyyətdə fəaliyyətini qurub. Digər tərəfdən özəl pensiya fondunun yaradılması o demək deyil ki, vətəndaşlar istəsə sığorta ödənişlərini özəl pensiya fonduna ödəyəcək. Özəl pensiya fondu olan dövlətlərdə də məcburi dövlət sosial sığorta ayırmaları yerində qalır. Vətəndaş istəyərsə, əlavə olaraq özəl fonda vəsait ödəyə bilər. Bizdə bu real deyil. İnsanların sosial sığorta fondlarına bir o qədər də marağı yoxdur. Özəl fondun yaradılması vətəndaşı məcburi dövlət sığortasından azad etmir. Azərbaycan vətəndaşı isə iki fonda vəsait ödəməyə hazır deyil. Ona görə də bu məsələ real deyil”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, Azərbaycan qanunvericiliyində özəl pensiya fondlarının yaradılması ilə bağlı qadağa yoxdur:

“Sadəcə olaraq bu fondların formalaşdırılması və fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə boşluqlar var. Özəl təqaüd fondları dünyada geniş yayılmış təcrübədir. Rusiyada, Gürcüstanda, Türkiyədə bu ənənədən geniş istifadə olunur. ABŞ və Avropa ölkələrində isə bu fondlar çoxdan fəaliyyət göstərir. Özəl təqaüd fondlarının yaradılması ilk növbədə vətəndaşlara seçim imkanı verir. Vətəndaş istəsə Dövlət Sosial Müdafiə Fondu, yaxud özəl fondlarla müqavilə bağlaya bilər. Ödənişlərin tənzimlənməsi isə fərdi müqavilələr şəklində həyata keçirilir. Bizdə isə bu məsələ qanunla tənzimlənir və icbarilik var. Qanuna əsasən VÖEN-lə çalışanlar minimum əmək haqqının 25 faizini ödəyir. Özəl sektorda çalışanlar isə minimum əmək haqqının yuxarı hissəsinin 10 faizini, üstəgəl 6 manat. Dövlət sektorunda çalışanlar isə əmək haqlarının 3 faizini sosial müdafiə fonduna ödəyir. Amma bu işə götürənlərə də aiddir. Özəl sektorda minimum əmək haqqının yuxarı hissəsinin 15 faizini üstəgəl 46 manat, dövlət sektorunda çalışanlar isə maaşın 20 faizini ödəyirlər. Bunlar kifayət qədər böyük məbləğdir. Bu rəqəmlərlə özəl təqaüd fondlarının yaradılması mümkün deyil”.

İqtisadçı bildirib ki, indiki şəraitdə vətəndaşlarla fərdi deyil, tipik müqavilələr imzalanır: “Bu müqavilələr daha çox vətəndaşların məsuliyyəti üzərində bağlanan müqavilədir. Sosial Müdafiə Fondunun hansı məsuliyyətləri var, hansı problemlərin həllində rol oyanaması bu müqavilədə qeyd olunmur. Bu, çox ciddi məsələdir. İlk növbədə özəl təqaüd fondları yaradılacaqsa, ödənişlərin məbləği vətəndaşla fond arasında fərdi müqavilələrlə tənzimlənməlidir. Bu zaman qanunvericiliyə müəyyən dəyişikliklərə ehtiyac yaranacaq. Əsasən də özəl sektorda VÖEN-lə çalışanların minimum əmək haqqına bağlı ödənişləri aradan qaldırılmalıdır. Digər bir məsələ isə özəl fondların zəmanət məsələsidir. Dövlət müxtəlif mexanizmlərlə özəl fondların fəaliyyətinə zəmanət verməlidir ki, əgər fond gələcəkdə müflis olub bazardan çıxarsa vətəndaşların yığdığı vəsait itməsin. Əgər bu iki məsələ öz həllini taparsa, özəl fondların fəaliyyətinə imkan yaradıla bilər. Hesab edirəm ki, bu fondlar dövlətin sosial yükünün müəyyən dərəcədə azalmasına səbəb ola bilər. Bu sistem yaradılarsa, Azərbaycanda da özəl fondlara kifayət qədər böyük maraq olacaq”.

Şəbnəm Mehdizadə