Kirayə mənzillər niyə bahalaşır? - AÇIQLAMA

Son günlər kirayə bazarında ciddi qiymət artımı müşahidə edilir. Əhali orta qiymətə normal kirayə mənzil tapa bilmir. Əksər evlərin qiyməti bir insanın bir aylıq maaşına bərabərdir.
Bəs görəsən, kirayə mənzillərində bu qiymət artımının səbəbi nədir? Qiymətlərin ucuzlaşma ehtimalı varmı?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını əmlak eksperti Ramil Osmanlı cavablandırıb. O bildirib ki, kirayə mənzillərinə olan tələb təklifdən çoxdur:
“Kirayə bazarında mənzillərin qiymət artımının səbəbi bəllidir. Bazarda tələb və təklifin strukturu arasında qeyri-mütənasiblik yaranıb. Yəni kirayə mənzillərinə olan tələb təklifdən çoxdur. Şəhərsalma prosesi davam etdikcə, kirayə mənzil bazarı üçün potensial olan mənzil fondu sıradan çıxır və sayı azalır. Yeni mənzillərin qiyməti isə əhalinin mövcud alıcılıq imkanlarına adekvat deyil. Bu mənada bazarda ciddi qiymət artımı müşahidə edilir”.
Ekspert bildirib ki, indiki şəraitdə bu prosesi dayandırmaq və ya hansısa formada müdaxilə etmək, həmçinin bu bahalaşmanın qarşısını almaq mümkün deyil:
“Bu prosesi bazar özü tənzimləyir. Tələb təklifi üstələdikcə, qiymət artımı davam edəcək. Problemin aradan qaldırılması üçün müxtəlif həll yolları var. Amma qısa müddətdə bu həll yollarını reallaşdırmaq mümkün deyil. Bazarda qiymətlərin adekvatlaşması üçün müəyyən vaxt lazımdır”.
Şəbnəm Mehdizadə