Bakıda yaşayış binasının liftini bilərəkdən sındırıb pul yığırlar? - AÇIQLAMA

 15:10 26.11.2021     737

Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 1, ev 6, blok 7 ünvanında yaşayan sakinlər redaksiyamıza müraciət edərək, liftlə bağlı çətinliklə üzləşdiklərini bildiriblər. Şikayət məktubunda qeyd olunub ki, hər həftə hansısa səbəbdən lift xarab olur və hər dəfə buna görə sakinlərdən təmir üçün pul tələb olunur.

Hazırda liftin işləmədiyini yazan şikayətçilər iddia edir ki, lift qəsdən sındırılır və sakinlərdən onun təmiri üçün qanunsuz olaraq pul tələb olunur. Liftin hansı səbəbdən xarab olması ilə bağlı isə heç bir fakt göstərilmir və bu, hər həftə davam edir. Hazırda da lift işləmədiyinə görə sakinlər mərtəbələri piyada qalxmalı olurlar.

Məsələ ilə bağlı "Bakı Lift-Təmir" İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin dispeçeri İslam Mirzəyev dəqiqləşdirmə apardıqdan sonra saytımıza bildirdi ki, sözügedən ünvanda liftin işləməməsinə səbəb onun əyləc dolabının olmamasıdır:

"Fakt araşdırılıb və araşdırmalarla müəyyən olunub ki, həmin liftin qeyd olunan ehtiyyat hissəsi oğurlanıb. Əmlak Mənzil İstismar Sahəsinə aid olduğu üçün oğurluğa görə onlar məsuliyyət daşıyır. Biz birgə araşdırmalar aparırıq və faktı polis orqanlarına veririk. Polis tədqiqatlara başlayır və iki gün ərzində bunu törədənlərin ya tutulması, ya da tədqiqatın aparılması haqqında liftlər idarəsinə sənəd göndərilir. Yalnız bundan sonra biz yeni əyləc dolabını alıb qoyuruq yerinə və lift yenidən işə salınır. Bunun üçün maliyyə ayrılan kimi biz iki-üç gün ərzində oğurlanmış ehtiyat hissəni alıb quraşdırırıq. Bu cür oğurluq halları illərdir baş verir. Buna görə də sözügedən ehtiyyat hissələrinin bərpası, yaxud təmiri üçün heç kimdən qanunsuz olaraq pul tələb edilə bilməz. Liftlərin xarab olmasına gəlincə isə elə liftlərimiz var ki, onların istismar müddəti bitib və onların dəyişdirilməsi gözlənilir. Yeni liftlərin istehsal qiymətləri artıb. Buna görə də biz həmin liftləri hələ ki uyğunlaşdırıb hazırlayırıq. Belə ki, əlimizdə olan liftlərin platalarını və digər ehtiyat hissələrini yenilərə uyğun  quraşdırırıb hazır qoyuruq. Yeni liftlər gətirildikdə isə biz onları dəyişərək yenisi ilə əvəz edəcəyik".

Nuranə TOFİQLİ