FHN-nin bu idarəsinin qaşısında piyadaların həyatına təhlükə - Yol polisi hərəkətə keçdi - FOTO/VİDEO

 13:37 30.11.2021     836

Paytaxtın mərkəzi küçələrində avtomobillərin yanlış park edilməsi halları hələ də davam edir. Bununla bağlı inzibati tənbeh tədbirləri görülsə də, sürücülər yenə də müvafiq qanunun tələblərini yerinə yetirmirlər. Onlar "Yol hərəkəti haqqında" Qanunun tələblərini pozmaqla piyadalar üçün ciddi narahatlıq və təhlükə yaradırlar. Bəzi sürücülər avtomobillərinin dayanma vəziyyətinə diqqət yetirmir və onları qanunsuz şəkildə park edirlər. Bununla da onlar piyadaların və digər yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinə maneə törədirlər.

Bu hallardan biri Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 149 ünvanında da müşahidə olunur. Belə ki, ərazidə Fövqəladə Hallar Nazirliyinin (FHN) Nərimanov Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının yaxınlığında, yol kənarında yerləşdirilən məişət tullantıları konteynerləri qarşısında hər gün qanunsuz olaraq maşınlar dayanır. Nəticədə piyadalar avtomobil yoluna çıxmaqla hərəkət etməyə məcbur olurlar ki, bu da onların həyatı üçün təhlükə yaradır. Həmin avtomobillərin sürücüləri piyadaların təhlükəsiz hərəkətinə maneə törətməklə yanaşı əraziyə zibil atmaq üçün gələn sakinlərin də narazılığına və narahatlığına səbəb olurlar.

Qeyd edək ki, müşahidələrimizə görə, həmin ünvanda qayda pozuntusuna yol verən sürücülər FHN Nərimanov Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin zabitləridir.

Sözügedən məsələnin araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxladıq və məsələyə aid foto, video faktlar təqdim etdik.

Vaqif Əsədov Redaktor.az-a açıqlamasında bildirdi ki, müraciətdən sonra faktla bağlı araşdırma başlanılıb və protokol tərtib olunub:

“Fakt təsdiqini tapıb və burada xeyli avtomobilə dayanma-durma ilə bağlı protokol tərtib olunub. Vətəndaşların, xüsusilə də piyadaların hərəkətinə maneə yaradan hallar aşkarlanan ərazilər üzrə xidmət aparan polis əməkdaşlarına artıq məlumat verilib. Əraziyə aidiyyəti üzrə xidmət aparan əməkdaşlar cəlb olunub və həmin ərazidə nəzarət gücləndirilib. Burada dayanma-durma tələbi pozulduğu üçün 11 ədəd protokol tərtib olunub. Qanunun tələbini pozan və piyadaların hərəkətinə maneə olan avtomobillərlə bağlı sürücülərin aşkar olunub məsuliyyətə cəlb edilməsi üçün araşdırma aparılır. Bu barədə Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə inspektoru, polis leytenantı Rüstəm Əhmədliyə məlumat verdik və həmin ərazi nəzarətdədir. Əgər qeyd olunan ərazidə avtomobilləri qanunsuz saxlama halları varsa, yenə də inzibati tənbeh tətbiq olunacaq. Nəzərə çatdırmaq istəyirik ki, məqsədimiz inzibati tənbehi seçmək deyil, burada məqsəd vətəndaşların məmnunluğunu qazanmaq, təbliğatı gücləndirmək, insanların şüur səviyyəsinə təsir edəcək dərəcədə informasiyaları geniş yaymaqdır”.

Vaqif Əsədov sürücülərə müraciət edərək bildirib ki, avtomobillərin yanlış və qanunsuz park edilməsi süni sıxlığın yaranmasına səbəb olur:

“Təhlükəsizliyi təmin etmək məqsədilə bir daha avtomobil sürücülərinə və sahiblərinə səslənərək bildiririk ki, hörmətli sürücülər, avtomobil sahibləri bu gün vətəndaşlar arasında yayımlanan bu narahatlıq, narazılıq avtomobil sahibləri və ya sürücüləri tərəfindən nəqliyyat vasitələrinin düzgün park edilməməsidir. Hətta zibil qabları qarşısında belə avtomobillərin saxlanması həmin əraziyə zibil gətirən vətəndaşların rahat zibil atmasına maneə yaradır. Ona görə də avtomobili park etdirən şəxsin ən azı funksional vəzifəsi ondan ibarətdir ki, avtomobildən enərkən maşını hansı formada park etdiyinə diqqət yetirsin. Əgər sürücü avtomobili park etdikdən sonra ona kənardan baxıb müşahidə aparmırsa, bu zaman o öz eqoistliyini nümayiş etdirir və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa münasibətini bildirir. Belə hallara yol verməmək üçün bir daha sürücüləri diqqətli olmağa və bu tələbləri düzgün yerinə yetirməyə səsləyirik. Həmçinin Bakının mərkəzi küçələrində məhz bu tələblərin yerinə yetirilməməsi, xüsusilə pik saatlarda süni sıxlığın yaşanmasına səbəb olur. Məsələn, dayanma-durma tələbinin yerinə yetirilməməsi ilə bağlı Neftçilər metrostansiyası, Qara Qarayev, Koroğlu metrostansiyasının çıxışı, Elmlər Akademiyası, İnşaatçılar metrostansiyası, 20 yanvar, “Şamaxinka” adlanan ərazi, və digər ərazilərdə süni sıxlıq yaşanması ehtimalı olur".

Qeyd edək ki, Yol Patrul Xidmətinin xəbərdarlığına baxmayaraq, yuxarıda qeyd etdiyimiz ərazidə FHN işçiləri yenə də avtomobil saxlamaqda davam edir. 

Nuranə TOFİQLİ

222222222222222222