Azərbaycan "Omikron"a görə sərhədləri bağlayacaq? - Komitə sədrindən AÇIQLAMA

 13:44 02.12.2021     986

Son günlər “omikron” ştammı ilə bağlı mətbuatda müxtəlif məlumatlar yayılır. Ümumdünya Səhiyyə Təşkilatı da virusun bu ştammının təhülkəli olması ilə bağlı müxtəlif çağırışlar edib. Bəs görəsən, virusun yayılmasının qarşısını almaq üçün hansı tədbirlər görülə bilər? Sərhədlər yenidən bağlana bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Musa Quliyev cavablandırıb. O bildirib ki, təşvişə düşməyə ehtiyac yoxdur:

“Operativ Qərargah bu barədə iclas keçirib. Yəqin ki, yaxın günlərdə ictimaiyyətə bu barədə məlumat veriləcək. Sərhədlərin bağlanılması, yaxud sərt karantin rejiminə keçilməsi epidemioloji şəraitlə bağlı olacaq. Bu virusun təhlükəlilik dərəcəsi hələlik bilinmir. Belə olan təqdirdə indidən sərhədləri niyə bağlamalıyıq ki? Azərbaycanda epidemioloji vəziyyət hazırda sakitdir və nəzarət altındadır. Biz yalnız qoruyucu tədbirləri gücləndirməli və maarifləndirmə işi aparmalıyıq. Hələlik bu barədə təşvişə düşüb həyəcanlanmağa ehtiyac yoxdur. Hər birimiz özümüzü qorumalıyıq. Virusun adının nə olmasının sadə vətəndaşa aidiyyəti yoxdur. Biz öz sağlamlığımızı qorumalıyıq. Əgər yoluxma kütləviləşərsə və ciddi ağırlaşmalar olarsa, dövlət ən ciddi və sərt tədbirlərə gedə bilər. Lakin hazırda bu barədə danışmaq üçün tezdir. Təşvişə düşməyə ehtiyac yoxdur”.

Tibb üzrə ekspert, həkim Şəmsiyə Namazova bildirib ki, hazırda epidemioloji vəziyyət qaneedicidir:

Daha əvvəl də müxtəlif ştammlarla bağlı belə təhlükəli xəbərlər yayılmışdı. Lakin bu ştammlar elə də kütləvi şəkildə yayılmadı. Azərbaycanda artıq koronovirusdan ölüm halları da azalıb. Xəstələr arasında əvvəlki kimi ağırlaşmalar yoxdur. Başlanğıc dövrə və ötən ilə baxdıqda ölüm sayı və ağırlaşan xəstələrin sayı xeyli azalıb. Virusa yoluxanların 80 faizində qalıq əlamətləri demək olar ki, yox dərəcəsindədir. “Omikron” ştammının da digərləri kimi kütləvi şəkildə yayılacağını düşünmürəm”.

Ekspert bildirib ki, artıq əhalinin çoxu vaksin olunub:

“Psixoloji cəhətdən qorxu hissi yoxdur. Əhali artıq virusla yaşamağa alışıb. Digər qrip virusları kimi koronovirus da artıq adi hala çevrilib. Hər kəs bilir ki, hər an bu virusa yoluxa bilər. Burada qorxulu heç nə yoxdur. Bu ştammdan qorunmaq üçün xüsusi vasitə yoxdur. Tibbi maskalardan istifadə etmək lazımdır. Əllərin yuyulması, sosial məsafə, gigiyena qaydaları yenə də vacib olaraq qalır. Bütün bunlara əməl edərsək, özümüzü qoruya bilərik. Hesab edirəm ki, bu ştammın da təsir müddəti və yayılma arealı çox az olacaq”.

Şəbnəm Mehdizadə