Reklama "küçə dili" gətirənlər kimlərdir?

 12:01 04.12.2021     1732

Azərbaycanın efir məkanı üçün reklam rolikləri hazırlanarkən bu işin bədii-estetik həllinə dırnaqarası baxılır. Bu iş reklam olunan məhsula diqqət cəlbetməklə yanaşı, tamaşaçının zövqünü də oxşamalıdır. Bizdə isə çox vaxt reklamlara çəkilən aktyorların seçimi yumşaq desək "uğursuz" alınır. Reklam sahəsində olan əsas problemlərdən biri də audivizual qüsurlardır. Reklamlarda istifadə olunan mətnin səsləndirənin diksiyası onun spesifikasını gücləndirən əlamətlərdəndir. Bu çatışmazlıq  reklam siyasətinə və təqdim olunan məhsula tamaşaçı marağını azaldır.

Reklam çəkilişində olan çatışmazlıqlarla bağlı Redaktor.az-a danışan rejissor və ssenarist Nicat Qafuroğlunun sözlərinə görə, bu məsələ rejissor və ssenaristdən asılı olmaqla yanaşı, bəzən də reklam sifarişi verən istehlakçıdan asılır olur. Reklam işinin daha çox onu hazırlayanların zövqündən və sifarişçidən asılı olduğunu deyən ekspert bildirdi ki, bu işdə rejissoru ittiham etmək düzgün deyil:

"Bizim hazırkı teleməkanda reklamlar bir neçə hissəyə bölünür. Birinci xaricdən gələn hazır reklamlardır. Yerli istehsala aid olan reklamlar çarxlarını isə iki hissəyə bölmək olar. Birinci kateqoriyaya aid olanlara misal kimi, böyük şirkətlərin bahalı reklamlarını göstərmək olar. Adətən  müşahidə edirik ki, belə reklamlar xarici ölkələrin rejissorları tərəfindən çəkilir. Digəri isə yerli istehsal olunan reklamlardır. Burda da keyfiyyətli işlər var. Ölkəmizdə reklam bazarında xüsusi çəkisi olan böyük mobil operatorların da reklamını çəkən rejissorlar var ki,  xüsusilə bu iş üzrə ixtisaslaşıblar. İllərin reklam işi ilə məşğul olan rejissorlar ərsəyə gətirdiyi işlər keyfiyyətli alınır".

N.Qafuroğlu efirlərdə də keyfiyyətsiz reklam və yaxud sosial çarxlarların maliyyənin azlığı ilə əlaqələndirdiyini vurğulayaraq qeyd etdi ki, ucuz şirkətlər ucuz reklamlar çəkdirirlər.

"Ümumiyyətlə çəkiliş elə bir şeydir ki, istehsal prosesidir və birbaşa maliyyə ilə bağlıdır. Maliyyə kifayət qədərdirsə, yaxşı bir iş ortaya qoymaq olur. Təbii ki, ssenari məsələsi də var ki, burda təbiilik və sünilik mühüm rol oynayır. Əvvəllər cəmi bir-iki televiziya kanalı vardı, bu gün isə insanlar artıq xarici kanallara, digər dillərdə olan video məhsullara baxırlar və müqayisə etdikdə bizim reklamlarda olan süniliyi daha tez tuturlar. Bizim reklam çarxlarında çox vaxt sünilik müşahidə olunur. Bu da adətən rejissorla yanaşı həm də ssenaristdən, dialoqdan asılıdır. Yəni dialoq yaxşı yazılmalıdır. Reklamın əsas məğzi ondan ibarətdir ki, burada yeni bir kreativ yanaşma olmalıdır. Biz xarici təcrübədə görürük ki, bir-birindən fərqli, 5 saniyənin içərisində o qədər maraqlı reklamlar var, sanki bir hekayə danışılır. Yenə də bu, yanaşmadan və ssenarinin qurulmasından asılıdır. Elə bir ssenari yazılmalıdır ki, tamaşaçını təəccübləndirsin və özünə çəksin. Reklam məhsul üzərinə diqqəti cəlb etməkdir. Məhsulu cəlb etmək üçün ssenarist, rejissor maraqlı bir layihə yaratmalıdır. Bizdə təəsssüf ki, dialoqla bağlı çoxlu problemlər var. Belə ki, onlar çox vaxt süni alınır. Burada həmçinin dil problemi də var. Belə ki, bizdə kino dili ilə “küçə dili” arasında ziddiyət var. Əgər bugünki reklamları bədii dildə çəksək hamı deyəcək ki, bu çox süni alınır və s. Lakin həmin reklamı küçə dilində çəksək, yəni rus dilində çox tez-tez istifadə olunan “prosto”, “vabşe”,“pojalusta” və s. kimi ifadələrdən istifadə etsək bu zaman hər kəs deyəcək ki, burada ədəbi dilin normaları qorunmayıb. Yəni orta standart mövcud deyil."  Reklam işinin peşəkar kimi texniki tərəflərindən də danışan N.Qafuroğlu bildirdi ki, görüntü baxımından reklam çarxları qısa olsa da, son model və müasir texnikalarla, kameralarla çəkilməlidir.

"Bizdə birinci problem kamera, işıq təchizatı, estetik qrim ustası və digər istehsal prosesləri ilə bağlıdır. Hər bir şey öz yerində olduqda və rejissor öz işini yaxşı görəndə bu zaman maraqlı iş ortaya qoyulur. Qeyd etdiyimiz estetik keyfiyyəti olmayan reklam çarxları sifarişçinin istəyinə uyğun olur deyə bəzən bunlara diqqət yetirilmir. Dediyimi kimi, Azərbaycanda normal və keyfiyyətli reklamlar çəkən böyük şirkətlər mövcuddur. Aktyor seçimi də rejissorun zövqündən asılı olan məsələdir. Hazırda Azərbaycan kastinqində kifayət qədər reklama çəkiləcək estetik simalı görünüşlü, model tipində şəxslər var. Sadəcə bunun seçimini də düzgün etmək lazımdır. Bizdə problem bundadır ki, sifarişçilər çəkilən reklama mütləq müdaxilə edirlər. Bu da artıq həmin sifarişçinin zövqünə uyğun olur. Belə olan halda rejissor buna qarşı çıxa bilmir, çünki bu, sifariş verənin istəyinə uyğun həyata keçirilir. Bəzi sifarişçilər reklam çəkilişində peşəkarların müdaxiləsinə imkan yaratmırlar və nəticədə məhsulun keyfiyyəti aşağı düşür",- rejissor əlavə etdi.

Daha sonra xarici reklamların tərcüməsindən də danışan ekspert bildirdi ki, xarici reklamlar tərcümə olunan zaman keyfiyyət aşağı düşür:

“Xarici reklamlar adətən xarici şirkətlələrin Azərbaycan nümayəndəlikləri tərəfindən sifariş olunur. Azərbaycanda dublyaj redaksiyaları çoxdur və bununla məşğul olan prodakşnlar var. Onu deyim ki, keyfiyyətli iş görən prodakşnlar var. Elələri də var ki, tam əksinə olaraq efirə uyğun olmayan səslər, məna vurğuları olur. Hətta səsin və diksiyanın özü belə efirə uyğun deyil və bərbad səslənir. Bunun da kökündə yenə də dediyim kimi, maliyyə vəsaiti dayanır. Kim ki, ucuz reklam çəkmək istəyirsə həmin prodakşnlara müraciət edir. Belə yerlərdə səsləndirməni də bu sahəyə yad olan, qeyri-peşəkarlar edir." 

Nuranə TOFİQLİ

Vumart və Güvən reklamı Vumart Güvən