Vətən müharibəsi iştirakçısı qaziliyini sübut edə bilmir VİDEO
23 yaşlı Muxtar 44 günlük Vətən Müharibəsində Füzuli,Ağdam və Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli rayonunda düşmənin açdığı minamyot güllləsinə tuş gələrək sol ayağından qəlpə yarası alıb.
Müharibə vaxtı ara sakitləşən zaman Muxtar hospitala enmək istəyib, ancaq ağır müharibə şəraiti buna imkan verməyib.Təxris olunub gəldikdən sonra isə o, ayağının irinləməsi və ağrılarının azalmaması səbəbindən Ağstafa rayon xəstəxanasına yollanıb. Həkimlər onun ayağında qəlpə qaldığını müəyyən ediblər.
Qəlpə ayaq sinirlərinə yaxın olduğundan onu çıxarmaq təhlükəli olub. Muxtar indi bir ayağında qəlpə ilə gəzir. Ən maraqlısı isə odur ki, bu qəlpəni müharibə zamanı aldığını sübut edə bilmir. Bu da təbii ki Abdullayevlər ailəsini ciddi narahat edir.
Muxtar Abdullayev müharibədə yaralandığına görə hazırda əziyyət çəkir, amma bunu təsdiq edən sənədi yəni "Forma-11"i hərbi hissədən ala bilmir. Ailənin maddi durumu aşağı olduğuna görə, Muxtarı öz hesablarına müalicə etdirmək imkanına da malik deyillər. Muxtarın da "Forma-11" sənədi olmaması səbəbindən Vətən Müharibəsində yaralanan digər iştirakçılar kimi onlara edilən güzəşt və imtiyazlardan yararlana bilmir.
Müdafiə Nazirliyindən isə bildirilib, Muxtar Abdullayevlə əlaqə saxlanılıb, ona qaydalar izah olunub və əlaqə nömrəsi verilərək hərbi həkim komissiyasına dəvət olunub. Burada vətəndaşa köməklik göstəriləcək.
Redaktor.az Real Tv-nin sujetini təqdim edir:












