Bakı ətrafı ərazilərin internet problemi nə zaman həll olunacaq?

 16:55 06.12.2021     3146

2022-ci ilin gəlişinə sayılı günlər qalıb. Hələ 20 il əvvəl 2022-ci il bizə necə də əlçatmaz gəlirdi. Hətta fikirləşirdik ki, yəqin o vaxta hər şey kompüterlə idarə ediləcək və elektron şəkildə bir saniyəyə həll olunacaq. Hətta bəzilərimiz uçan maşınlar haqqında da xəyallar qururdu.

Amma olmadı. İllər keçdi və gördük ki, əslində heç də hər şey xəyalımızda canlandırdığımız kimi deyil. Çünki nə uçan maşınlar gerçək oldu, nə də kompüterlə idarə olunan “touch screen” həyat. Düzdür, hazırda həyatımızın böyük hissəsi elektronlaşıb və onlayn qaydada idarə olunur. Pandemiya da bu prosesi bir qədər də sürətləndirdi. Adı bir neçə dəfə dəyişilsə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən son illər ərzində ölkədə rabitənin inkişafı üçün xeyli işlər görülüb. Lakin təəssüf ki, görüləsi işlər görülənlərdən daha çoxdur və bu sahədə çox ciddi problemlərimiz var. 

Mən onlardan ən sadə və bəsitindən yazmaq qərarına gəldim. Hələ 19-cu əsrin sonlarında icad olunan telefon qovşağını 21-ci əsrin ortalarında əldə edə bilmək üçün aylarla, bəzən illərlə gözləməli oluruq. Şəxsən mən özüm də illərdir gözləyənlər sırasındayam. Əslində Bakı ətrafındakı əksər ərazilərdə bənzər situasiya var. Bakıdan kənarda yaşayan əksər ailələr bu problemdən əziyyət çəkir. Mən bu yazımda misal olaraq Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin problemlərindən söz açacam.

Belə ki, redaksiyamıza şikayət edən qəsəbə sakini Sevda Astanova bildirir ki, 7-8 ildən çoxdur mənzillərinə telefon xətti və internet çəkdirə bilmirlər. O bildirir ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, müraciətinə baxan olmayıb.

Qəsəbədə evinə telefon xətti çəkdirə bilməyən digər bir sakin isə Təranə Mehtiyevadır. Deyir ki, övladı məktəbdə oxuyur. Bəzən onlayn dərslərə qatılmalı olur:

"Biz Qızıldaş qəsəbəsinin yeni massiv adlı ərazisində yaşayırıq. Telefon xəttimiz yoxdur deyə 6 ildən çoxdur evimizə internet çəkdirə bilmirik. Bir neçə dəfə müraciət etmişik. Bu ilin avqust ayında qəsəbəyə müxtəlif dirəklər basdırıldı. Dedilər sentyabra kimi internet çəkiləcək. Lakin hələ də səs-səmir yoxdur. Övladım məktəbə gedir. Bəzən onlayn dərsə qatılmalı oluruq. İnternet yoxdur deyə, dərsə qatıla bilmirik. Davamlı olaraq mobil internet almağa imkan olmur". 

Redaktor.az olaraq ilk növbədə qəsəbənin ATS ilə əlaqə saxladıq. Sualımıza cavab olaraq bildirildi ki, yeni ilə qədər qəsəbənin telefon xətti və internet xətti ilə təmin olunacağı nəzərdə tutulub:
“Artıq lazımi avadanlıqlar və dirəklər quraşdırılıb. İşlər yekunlaşmaq üzrədir. Yeni ilə qədər qəsəbə sakinləri telefon xətti ilə təmin olunacaq”.

Mövzu ilə bağlı Milli Məclisin 11 saylı Qaradağ seçki dairəsinin deputatı Aydın Hüseynov ilə də söhbətləşdik. Deputat bildirdi ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev ilə söhbət əsnasında bu barədə müzakirələr aparıb:

“Nazir Qaradağ rayonunda telefon çəkilişi və internetlə bağlı hansısa problem varsa, onu həll etməyə hazır olduğunu bildirdi. Mən də öz növbəmdə Qaradağ rayonunun bir çox qəsəbələri ilə yanaşı Qızıldaş qəsəbəsində bu problemin olduğu bilirdim. Fürsətdən istifadə edib nazirlə görüşdə bu məsələ ilə bağlı razılaşdıq. Çox güman ki, o ərazilərlə bağlı nazirin tapşırığı olacaq və bu məsələ qısa müddətdə öz həllini tapacaq. Rəşad Nəbiyev rayonun telefon və internetlə bağlı problemlərini diqqətlə dinlədi və bu problemlərin həlli üçün lazımi işlər görüləcəyini bildirdi. Hesab edirəm ki, yaxın günlərdə bu məsələ öz həllini tapacaq”.

Deputat bildirdi ki, bu prioritet məsələdir və sakinlərin bu barədə çoxsaylı müraciəti var:

“Qızıldaş qəsəbəsində yüzlərlə şagird və tələbə təhsil alır. Onların çoxu onlayn dərs keçir. Pandemiya dövründə internetin vacibliyi bir daha gündəmə gəldi. Burada çox ciddi problem yoxdur. Yaxın günlərdə Qızıldaş qəsəbəsinin internet problemi yüksək səviyyədə həll olunacaq”.

İT mütəxəssisi Rəşad Əliyev bildirdi ki, şəhərdən kənar ərazilərdə internetlə bağlı yaşan problemlər infrastruktur məsələsindən qaynaqlanır:

“Bakıdan bir qədər kənarda yerləşən ərazilərdə internetin əlçatan olmaması və həmçinin, kənar ərazilərdə internet qiymətlərinin baha olmasının əsas səbəbi infrastrukturla bağlıdır. Belə ərazilərə kabelin çəkilməsi müşkül məsələyə çevrilib. Bu səbəbdən belə ərazilərdə telefon və internet problemi aktual olaraq qalır. Problemin həlli üçün ərazidə yaşayan sakinlər ərizə yazaraq müraciət etməlidir. Əgər lazımi qədər ərizə olarsa, o əraziyə internet çəkilir”.

Mütəxəssis Şaiq Muradov isə bildirdi ki, Bakının kənar əraziləri ilə yanaşı, hətta şəhərin mərkəzində belə internetlə bağlı ciddi problemlər var:

“Bizim internet sürətimiz qlobal dövrlə qətiyyən ayaqlaşmır. Müəyyən vaxt keçdikcə, biz ən aşağı pillələrə yuvarlanırıq. Çünki hər il dünyada internetin sürəti qalxır və biz bununla ayaqlaşa bilmirik. Kənar ərazilərdə isə internetin əlçatan olmamasının əsas səbəbi infratstruktur problemi ilə bağlıdır. İnternet evlərə adətən telefon xətləri ilə çəkilir. Bölgələrdə infrastruktur yaxşılaşdırılarsa, şirkətlərin də bu sahəyə marağı artar. Bu məsələnin texniki həllidir. Digər tərəfdən bürokratik əngəllər var. Əksər provayderlər rayonlarda bürokratik əngəllərdən şikayətlənirlər. Şirkətlərin regionlarda biznesini genişləndirməyə mane olan bürokratik əngəllər regiondakı insanlara xidmət etməyə imkan vermir. Bu iki məsələ aradan qalxarsa, regionda yaşayan insanların internetə əlçatanlığı asanlaşacaq”.

Sonda onu da qeyd edim ki, məsələ ilə bağlı nazirliyin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, sualımıza cavab ala bilmədik.

Biz də öz növbəmizdə ümid edirik ki, nazirlik bu istiqamətdə lazımi işlər görəcək və sakinlərin problemləri tezliklə öz həllini tapacaq. Gözləyək görək...

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən