Rəşid Mahmudov qulaqcıqdan istifadə edənlərə xəbərdarlıq etdi: "Avtobusda, metroda..."
Qulaqcıqla uzun müddət yüksək səslə musiqi dinləmək insan orqanizminə ciddi mənfi təsirlər göstərir. İnsanlar bunun fərqində olsalar belə, bu vərdişdən əl çəkmirlər. İctimai yerlərdə, xüsusilə də avtobus və metroda qulaqcıqla musiqi dinləyənlər həm sağlamlıqlarına zərər vurur, həm də ətrafda olan insanların narahatlığına səbəb olurlar. Səsin həcmi nə qədər yüksək olarsa, qulaqcıqdakı səs də ətrafa daha çox yayılır. Məlum olduğu kimi, bu məsələ həm tibbi, həm kulturoloji baxımdan mənfi hala gətirib çıxarır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-fizioloq Rəşid Mahmudov bildirdi ki, qulaqcıqdan uzun müddət istifadə etmək həm psixoloji, həm də eşitmə problemlərinə səbəb olur:
"Qulaqcıq beyinə çox pis təsir göstərir, insanların psixologiyasını dəyişdirir. Qulaqcıqların taxılması çox qorxuludur və uzun müddət həmin insanlarda psixiatrik xəstəlik yarana bilər. Bununla yanaşı, bu, ən çox beyin qabığına təsir edir. Bununla da, sonra eşitmədə problem yaranacaq. Belə ki, qulaq sinirlərinə və eşitməni təmin edən qulaq hüceyrələrinə pis təsir edir. Uzun müddət qulaqcıqlıqdan istifadə etmək çox qorxuludur. Bu zaman qulaqcıqdakı səs eşitmə siniri keyləşdirə bilir və bu sinirin atrofiyasına səbəb olur. Buna görə də qulaqcıqdan uzun müddət və ardıcıl saatlarda istifadə etmək olmaz. İnsan qulağı 16 hersdən 20 min hersə qədər dalğanı qəbul edə bilir. Ancaq ən normal hers 1000-dən 4000 minə qədərdir. 20 min ən yüksək tezlik olanda isə bütün sinirlərdə atrofiya yarana bilər. Bu, o qədər güclü dalğadır ki, bu, çox təhlükəlidir".
R.Mahmudovun sözlərinə görə, cəmiyyətdə qulaqcıqla yüksək səslə mahnı dinləmək etik deyil və ictimai yerlərdə buna yol verilməməlidir:
“Qulaqcıqla mahnıya qulaq asan insanlar dünyadan ayrılmış şəkildə olurlar. İctimai nəqliyyatda qulaqcıqla adam yanında dayanır, gözü görür, amma ətrafa diqqət yetirmir. Belələri yaşlılara yer də vermirlər. Çünki bütün fikri-zikri qulağındadır, musiqidədir. Cəmiyyətdə bunlar olmamalıdır. Əgər özləri musiqiyə qulaq asmaq istəyirlərsə, bunu öz evlərində edə bilərlər, ancaq cəmiyyətin içində, avtobusda, metroda, ümumiyyətlə ictimai yerlərdə bunu etmək olmaz".
Nuranə Tofiqli












