Yeni il bayramını qeyd etmək günahdır? - İlahiyyatçı açıqladı
Qarşıdan Yeni il bayramı gəlir. Bütün il boyu bu bayramın gəlişini səbirsizliklə gözləyənlər evlərdə, iş yerlərində yolka bəzəyirlər. Yarmarkalarda oyuncaqlar və bayram atributlarını əks etdirən digər əşyalar satışa çıxarılır. Şəhərin mərkəzi yerlərində üzərində rəngbərəng işıqlar sayrışan böyük yolkalar quraşdırılır. Lakin bu bayramımıza haram qatanlar da tapılır. Hər il olduğu kimi bu il də "Yeni ili qeyd etmək haramdır" fikrini səsləndrənlərin sayları kifayət qədərdir.
Bunu deyənlər əsasən Yeni il bayramını, "Şaxta baba" obrazını Xristian dininin simvolları kimi əlaqələndirib bayramı qeyd etməyi günah adlandırırlar. Onlar Yeni il bayramını təqvim ilinin dəyişməsi kimi deyil, "xristianların bayramı" qəbul edirlər. Həmçinin ətraflarında, yaxud sosial şəbəkələrdə bayrama hazırlaşan insanlara qarşı aqressiv olurlar. Maraqlıdır, Yeni il bayramını qeyd etmək günahdırmı?
Mövzu ilə bağlı sualımızı cavablandıran ilahiyyatçı Elşad Miri Redaktor.az-a bildirdi ki, Yeni il bayramı təqvim ilinin dəyişməsi kimi qeyd olunursa və heç bir dini anlayış əlavə olunmursa, qeyd etmək günah sayılmır:
“Əslində bu bayramı dinə xristian dünyası bağlayır. Amma xristian dünyasını araşdırdığımız zaman görürük ki, xristian dünyasının özündə belə dekabr ayının 25-i söhbəti çox sonralar ortaya çıxıb. Bunun da səbəbi odur ki, həmin dövrdə Bizansın Xristianlıqla yanaşı paqanizmin bir qolu olan Mitraizm deyilən din də var idi. Bizanslılar xristianlığa paqanizmdən keçdiyinə görə, dekabrın 25-i İsa peyğəmbərin doğum günü kimi qeyd edirdilər. Daha sonra bunu “Santa Klaus” adı ilə təqdim etdilər. Bununla da mövcud olan dini anlayışı daha sonra kapitalizm, pul qazanmaq metodlarından birinə çevirdilər. Yəni fikir versək görərik ki, bugünki bayramlarda insanlar mütləq nəyəsə pul xərcləyirlər, amma İslamda bu, belə deyil. Məsələn, insanlar bir-birinə Ramazan bayramından əvvəl fitrə verirlər ki, hamı bayram keçirə bilsin. Qurban bayramında isə əsas bayram odur ki, kəsdiyini insanlarla paylaşa biləsən. Amma biz təəssüflər olsun ki, Yeni il bayramında bunu görmürük. Lakin bu bayram ərəfəsində də insanlara xeyriyyə paketləri ilə yardım çatdıranlar var. Bunu qeyd etmək olar, ya olmaz sualına gəldikdə isə deyim ki, ilk növbədə bu həqiqətən İsa peyğəmbərin doğum günü üçün qeyd edilirsə, burada heç bir qəbahət yoxdur, amma hamımız da bilir ki, heç kəs bunu o məqsədlə etmir. İkinci tərəfi ondan ibarətdir ki, əgər həqiqətən də xristianların bayramı kimi qeyd olunursa, bu zaman müsəlman olaraq bunu qeyd edən onlardan fərqlənmir. Üçüncüsü isə, əgər İsa peyğəmbəri müsəlmanların peyğəmbəri olaraq yox, xristianların tanrısı olaraq qəbul edirlərsə, bu, yolverilməzdir. Amma Yeni il bayramına konkret olaraq bir Yeni il, şənlənmək, əylənmək məqsədi ilə təqvim ilinin dəyişməsi kimi yanaşılırsa, heç bir dini anlayış əlavə olunmursa bunu qeyd etməkdə heç bir problem və qəbahət yoxdur. Qurani-Kərimdə deyilir ki, “o, halaldır, bu, haramdır” ifadələrini dilinizə gətirməyin. Konkret olaraq insanlara nəyin halal, nəyin haram olduğu Quranda bildirilir. Əlavə olaraq kiminsə nəyisə haram və halal adlandırmaq ixtiyarı yoxdur. Yeni ili istəyən qeyd edər, istəməyən də qeyd etməz, özü bilər. Qeyd edənə də, etməyənə də hörmətlə yanaşmaq lazımdır. Çünki bu, hər kəsin öz haqqı, azad yanaşmasıdır və müstəqil fikridir”.
Nuranə Tofiqli













