Bakıya tramvay nə vaxt qayıdır? - AÇIQLAMA
Son vaxtlar Bakının küçə və prospektlərində, xüsusilə də ictimai nəqliyyat dəhlizləri hesab edilən yollarda tıxac və sıxlıq yaranır. Paytaxt yollarında yaşanan bu hallar ictimai nəqliyyat vasitələrinin hərəkətində və intervalında ciddi ləngimələrə səbəb olur. Bu problemləri analiz etdikdə yerüstü ictimai nəqliyyat vasitəsinin alternativ variantı kimi ağıla tramvay gəlir. Tramvay xətti ilə fəaliyyət göstərən ictimai nəqliyyat vasitəsinin digərlərindən bir sıra üstün cəhəti var. Belə ki, sərnişindaşımada tramvay daha əlverişli yerüstü nəqliyyat vasitəsi hesab olunur.
Qeyd edək ki, Tramvay Parkının fəaliyyəti 2003-cü il noyabrın 19-da saat 12-də dayandırılıb.
Bəs görəsən, Bakıda tramvay xəttinin bərpası planlaşdırılırmı?
Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Redaktor.az-a bildirdi ki, paytaxtda tramvay xətlərinin çəkilməsi gələcəkdə baş tuta bilər, lakin hazırda avtobuslarla daşımalara diqqət yetirilir:
"Yeni ictimai nəqliyyat növlərinin təşkili və inkişafı əlbətdəki şəhərin mobillik imkanlarının yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Bu gün xarici ölkə şəhərlərin təcrübəsinə baxdıqda da onun şahidi oluruq ki, şəhər nəqliyyatının dayanıqlığı məhz ictimai nəqliyyatın inkişafı ilə bağlıdır. Ola bilər gələcəkdə tramvay və digər alternativ ictimai nəqliyyat növləri şəhərimizdə olsun, amma indiki halda əsas diqqət avtobuslarla daşımaların daha səmərəli və daha dayanıqlı təşkilinə yönəldilib. Bura avtobus parkının yenilənməsi, avtobuslar üçün xüsusi zolaqların təşkili kimi vacib məqamlar daxildir".
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, tramvay xətlərinin çəkilməsi indiki dövrdə bu məsələni zəruri edir:
“Bakıda yollarda tıxacların sayı artıb. Hətta deyərdim ki, bu, pandemiyadan əvvəlki vəziyyətdən daha gərgindir. Müşahidələrimə görə, hazırda Bakıda tıxacların vəziyyəti, yəni yollardakı gərginlik pandemiyadan əvvəlki dövrləri üstələməyə başlayıb. Bunun da əsas səbəbi odur ki, insanlar pandemiyaya görə ictimai nəqliyyatdan çəkindilər. Hər yerdə də təbliğat getdi ki, ictimai nəqliyyat yoluxma məkanlarından biridir. Bəzi adamlar artıq mobillik, yəni yerdəyişmə üçün başqa imkanlar tapdılar. Belə ki, insanlar şəxsi avtomobil əldə etdilər, taksilərin sayı dəfələrlə artı və s. Təbii ki, sadə avtomobillər və taksilər küçələrdə çox olduğuna görə sıxlıq, tıxac daha çox olur, bu, qanunauyğunluqdur. Bunun qarşısını almağın ən yaxşı və mükəmməl yolu bütün variantlar üzrə ictimai nəqliyyatın təşkil olunmasıdır. Bu variant dünyanın hər yerində də təcrübədən keçirilib. İctimai nəqliyyatın bütün variantları - avtobus, metro şəbəkəsinin genişləndirilməsi, marşrut avtobuslarının sayının artırılması, marşrut şəbəkəsinin genişləndirilməsi, şaxələnmələrin yaxşılaşdırılması istiqamətində işlər görülməlidir. İctimai nəqliyyatın ən mükəmməl yollarından biri də tramvaydır. Bu gün tramvay dünyanın bir sıra ölkəsində fəaliyyət göstərir. Ona görə də, mümkün olan yerlərdə, yəni külli miqdarda investisiya tələb olunmayan yerlərdə tramvay şəbəkəsini çəkmək lazımdır. Tramvay şəbəkəsi sadəcə epizodik təşkil olunmamalıdır. Yəni tutaq ki, “Ağ şəhərdə” ərazinin bir hissəsindən digər hissəsinə tramvay xəttinin çəkilməsi arzuolunan nəticələri verməyəcək. Şəhərin bütün dörd tərəfini əhatə edə bilən, hətta şəhərin mərkəzindən də keçə bilən variant tapmaq lazımdır. Tramvayın əlverişliliyi odur ki, ekoloji cəhətdən yaxşıdır, iritutumludur. Tramvay günümüzdə şəhər içində yerüstü ictimai nəqliyyat növlərinin ən iritutumlusudur. Tramvayda iki vaqon olur və hər vaqonda 100-120 nəfər sərnişin yerləşir. Bununla da sərnişin yükü götürülür, tıxaclar aradan qalxır. Bütün mümkün variantları axtarıb tapıb tramvay xətlərinin müəyyən hissələrdə bərpa olunması yaxşı olardı”.
Nuranə Tofiqli












