Bu şəxslərin törətdiyi əməl niyə cinayət sayılmır?

Azərbaycanda 2021-ci ilin ilk 6 ayı ərzində 14 mindən çox cinayət qeydə alınıb. Onlardan 9-u ehtiyatsızlıqdan adam öldürmə, qalanları isə digər cinayətlərə aiddir. Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürməyə görə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ehtiyatsızlıqdan adam öldürmə halları daha çox yetkinlik yaşına çatmayanlar tərəfindən törədilir.
Azərbaycanda yetkinlik yaşına çatmayan (14 yaşdan aşağı yaş qrupu) şəxslər cinayət törətdikdə cinayətin məsuliyyəti necə müəyyən olunur? Valideyn törədilən cinayət əməlinə görə hansı məsuliyəti daşıyır?
Bu sualları cavablandıran hüquqşünas Şamil Paşayev Redaktor.az-a bildirdi ki, yetkinlik yaşına çatmayan uşaqlar heç bir halda törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmurlar:
“Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən silah onların əli çatmayacağı və ümumiyyətlə digər şəxslərin istifadə etməyəcəyi yerdə saxlanılmalıdır. Silahın saxlanılması üçün icazə olmalıdır, həmin silahın qulluq etməklə bağlı sənədi olmalıdır. Bundan sonra isə əgər hər hansı bir şəxs odlu silahı götürüb başqasını öldürürsə, ona ağır xəsarət yetirirsə, bu zaman iki məsələyə diqqət yetirmək lazımdır. Birincisi, odlu silahı diqqətli, ehtiyatlı yerdə saxlanmalıdır. Cinayət Məcəlləsinin 230-cu maddəsi odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsinin ağır nəticələrə səbəb olmasına görə cinayət məsuliyyəti müəyyən edir. Yəni insanlar silahı bacardıqları qədər gizli yerdə saxlamalıdırlar. Bu elə yerdə olmalıdır ki, kimsə onu götürüb hər hansı bir cinayət xarakterli heç bir hərəkət edə bilməsin.
İkinci tərəfdən isə ola bilsin ki, həmin silah diqqətli yerdə saxlayıb, amma kimsə həmin silahı oğurlayıb, yaxud talayıb. Yetkinlik yaşına çatmayan şəxslər əgər bu silahı oğurlayırsa və bunu edən şəxs 14 yaşına çatmayıbsa, bu, cinayət məsuliyyətinə səbəb olmur. Bəziləri silahı evdə nümayişkaranə şəkildə asır, yaxud əlçatan dolabda saxlayırlar. Bu kimi hallarda kimsə silahı oradan götürüb cinayət törədirsə, bu silahı diqqətdə saxlamaqdır və silahın sahibi cinayət məsuliyyətinə səbəb olur. 14 yaşdan yuxarı şəxslər cinayət törətdikdə onlar vurduğu zərərə adekvat olaraq məsuliyyət daşıyırlar. 14 yaşa qədər olan şəxslər isə heç bir məsuliyyətə cəlb olunmurlar. Yetkinlik yaşına çatmayan şəxslər cinayət məsuliyyətinin subyekti deyillər, onlar günahkar sayılmır və reabilitasiya xarakterli təlim-tərbiyə müəssisələrinə yerləşdirilirlər. Bu şəxslərin törətdiyi əməl cinayət sayılmır. Bunun üçün cinayətin obyekti və subyekti olmalıdır. Bu hadisələrdə cinayətin subyekti, yəni cinayəti törədən şəxs yoxdur, çünki yetkinlik yaşına çatmayan şəxs heç bir halda cinayətkar deyil. Həmin şəxs yetkinlik yaşına çatdıqda cinayətin geriyə qüvvəsi olmadığı üçün yenə də məsuliyyətə cəlb olunmur".
Ş.Paşayev qeyd etdi ki, valideyn də övladının törətdiyi əmələ görə heç bir məsuliyyət daşımır:
“Azərbaycan Respublikasının qanunvericiliyində bir insanın əməlinə görə başqa şəxsin cinayət məsuliyyətinə cəlb olunması halı yoxdur. Əgər valideyn yetkinlik yaşına çatmayan şəxsi öyrədir və kimisə öldürməyə vadar edirsə bu, cinayət subyekti olmayan şəxsdən istifadə etməklə cinayət törətmək sayılır. Bu olur icraçı. Lakin valideynin xəbəri yoxdursa və yetkinlik yaşına çatmayan uşağı cinayət törədirsə, burada heç bir məsuliyət olmur".
Nuranə TOFİQLİ