Şantaj tələsi və onun qurbanları - Çıxış yolu nədir?

 11:44 25.12.2021     2889

"Oğlanlar qızları əvvəlcə şirin dillə aldadaraq, şəkillər istəyib, onlardan sui-istifadə edirlər"

Günümüzdə şantaj tələsi və onun qurbanına çevrilən insanlar müasir dövrün bitməyən probleminə çevrilib. Cəmiyyətimizdə də şantaj cinayətlərinin sayı az deyil. Bir çox hallarda xanımlar öz tanışları tərəfindən şəkillərinin, videolarının sosial şəbəkədə yayılması ilə hədələnirlər. Belə ki, bunun əvəzində onlardan pul və s. tələb olunur. 

Bu hallar bəzən intiharla nəticələnir. Bu vəziyyətdən çıxış yolu nədən ibarətdir? İnsanlar sosial şəbəkədə kibercinayətkar tərəfindən qurulan bu tələlərə düşməmək üçün nə etməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, şantaja məruz qalan insanların özünün ehtiyatsızlığı bu vəziyyətə şərait yaradır: 

“Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyi dəfələrlə xəbərdarlıq və çağırış edib. Qanunvericilikdə bununla bağlı cinayət məsuliyyəti də var. Kimlərsə bu cür təzyiqə, təqibə məruz qalırsa, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Bəzi hallarda görürük ki, insanlar ehtiyat edir və ya qorxurlar. Onlar hesab edir ki, qəbahət edir və bunu kimlərinsə öyrənməyindən bəzən ehtiyat edirlər. Burada məxfilik məsələsi də var və bu məxfiliyi də hüquq-mühafizə orqanları qoruyur. Hesab edirəm ki, bu məsələyə görə cinayət məsuliyyətindən əlavə cərimələr də tətbiq olunmalıdır. Təhqir, təqib yaxud təzyiq formasında başqasının şəkillərindən istifadə edilirsə, bu, mütləq şəkildə həm cinayət məsuliyyətinə cəlb olunmalıdır, həm də ağır cərimələr tətbiq olunmalıdır. Bununla bağlı müəyyən ölçü götürülməlidir. İstənilən şəxs bununla bağlı müraciət edir və hüquq-mühafizə orqanları da dərhal reaksiya verir. Sadəcə məxfiliyin qorunması barədə əvvəldən məlumat vermək lazımdır. Bu halda bu məsələ qorunur. Xüsusilə də pul tələbi olanda bu artıq daha ağır cəzadır. Məxfiliyə görə ehtiyat edənlər əksər vaxtlarda intihara əl atırlar. Bu kimi hallarda çəkinmək lazım deyil və dərhal polisə müraciət etmək lazımdır. Əgər hüquq-mühafizə orqanları məxfiliyi qorumasa, prokurorluğa şikayət edə bilərlər".

Həmsöhbətmiz bildirdi ki, bəzi insanlar “TİkTok”da, yaxud digər sosial şəbəkələrdə öz şəkillərini paylaşırlar və sonrakı nəticələri unudurlar.

"Düşünmürlər ki, cəmiyyətdə psixoloji problemləri olan, qadına qarşı sui-istifadəni alətə çevirən insanlar var. Bunlar düşünülməmiş, emosional addımlardan qaynaqlanır. Bəzən isə şəxs özü üçün fərdi şəkildə fotolarını, videolarını paylaşır və yenə də şantaj qurbanına çevrilir. Ümumiyyətlə, gənclər arasında məlumatlılıq səviyyəsini artırmaq lazımdır ki, belə şəkillər fərdidir, yəni nsanın özünə məxsusdur və onların paylaşılması belə acı nəticələr verə bilir. Biz öz şəkillərini paylaşan şəxsləri ittiham edə bilmərik. Biz bilmirik ki, bu səbəbə görə intihar edən qızlar bu şəkilləri nəyə görə paylaşırlar. Bəlkə də bu gənclər arasında özünütəsdiq sayılır. Bunu dəqiq deyə bilmirik. Yaxud həmişə insan şəxsi fotolarını, videolarını yaxın biri ilə bölüşüb və həmin şəxs də bundan sui-istifadə edib. Belə hallar da var ki, oğlanlar qızları əvvəlcə şirin dillə aldadaraq, şəkillər istəyib, onlardan sui-istifadə edirlər. Belə olan vəziyyətdə mütləq polisə müraciət etmək lazımdır, qorxmaq və ehtiyat etmək lazım deyil. Bəzi şəkillər var ki, onları heç kimlə bölüşmək olmaz. İndi biz heç kəsə məsləhət verə bilmirik, çünki onlar gəncdi, emosionaldılar. Bu bir növ sanki özünütəsdiq formasıdır. Amma hər halda belə şəkillərin paylaşılması məqsədəuyğun deyil və indiki zaman üçün müasir dövrün öz cinayətləri var. Bu da cinayət əməli üçün imkan yaradır. Bu əməli törədənlər də həmin insanı araşdırıb görürlər ki, o, ehtiyat edir, qorxur, bu zaman daha çox sui-istifadə edirlər. Hətta ən yaxın adama belə şəkillərin göndərilməsi məsləhət deyil. Bu cür cinayətlər var ki, orada yaxın olan insanlar cinayətin iştirakçısı olur. Yəni, etibar etdikləri adamlar sui-istifadəyə yol verirlər. Cəmiyyətdə mədəni səviyyəsi yüksək olmayan şəxslər tərəfindən belə hallar olur. Belə insanlar bu əməllərdən maddi gəlir mənbəyi kimi istifadə edir. Başqalarının hislərinə hörmət qoymaq lazımdır. Ola bilsin ki, kimlərsə bunu qəbul etmir, aqressivdir, sosiopatdır, başqalarının fərdi şəkillərini paylaşır. Bununla da bu tip insanlar kimisə təlaşa salmaqla, qorxutmaqla, asılı vəziyyətdə saxlamaqla sui-istifadə edirlər və başqalarının əzab çəkməyindən zövq alırlar. Hər bir insanın bədəni onun özünə məxsusdur. Təbii ki, özü bildiyi kimi davrana bilər, amma kiminsə ondan sui-istifadəsi, şantaj məqsədilə istifadəsi yolverilməzdir. Buna da şəxsin özünün ehtiyatsızlığı şərait yaradır. Müasir zaman informasiya texnologiyaları dövrüdür və bir anda qoyulan məlumat minlərlə insana çata bilir. Ona görə, ən yaxşı metod ehtiyatlı olmaqdır”, - deyə Mehriban Zeynalova bildirdi.

Hüquqşünas-ekspert Sahib Məmmədovun sözlərinə görə, şantajla mübarizənin ən birinci yolu cəmiyyətin və insanların ayıq olmasıdır:

“Bu məsələ dünyada geniş yayılıb. Xüsusilə sosial şəbəkələr bu cür inkişaf edəndən sonra virtual şantaj mexanizmləri həddindən artıq çoxalıb. Həmçinin insanların şəxsi həyatına müdaxilə imkanları çoxalıb və bunun nəticəsində virtual şantaj da artıb. Virtual şantaj özü kibercinayətlərin tərkib hissəsidir. Buna qarşı da ayrıca mübarizə aparmaq lazımdır. Özü də bu, o qədər də asan deyil, bu, transmilli bir şeydir. Dünyanın o başında oturub bu başında kimisə şantaj etmək olur. Bizim qanunvericilikdə buna görə cinayət məsuliyyəti, inzibati məsuliyyət də nəzərdə tutulub. Şantaja məruz qalan insana dəymiş mənəvi ziyana görə onun kompensasiya tələb etmək hüququ var. Bunlar var amma, bu mübarizə effektiv deyil. Bəzən də cəmiyyət özü bu şantaj prosesində iştirak edir. Tutaq ki, birinin hər hansı bir görüntüləri yayılır və onun ətrafında bullinq başlayır. Sosial şəbəkə istifadəçiləri qoşulur bu bullinqə və o şantajçılara bir növ dəstək vermiş olurlar. Ona görə də burada həm də cəmiyyətin özünün ayıqlığı lazımdır. Cəmiyyət özü şantajla mübarizə aparmayana qədər digər üsulların effektiv olacağına inanmıram”.

Nuranə TOFİQLİ

Vumart və Güvən reklamı Vumart Güvən