2022-ci ildə nələr gözlənilir? - Tanınmış astroloq Qarabağ və pandemiya ilə bağlı proqnoz verdi
Artıq 2021-ci ili, "Öküz ili"ni başa vurmaq üzrəyik. Şərq təqviminə görə, 2022-ci il "qara pələng ili"dir.
Maraqlıdır, bu il bizi, dünyanı nələr gözləyir?
Tanınmış astroloq Səbuhi Rəhimli Redaktor.az-a bildirdi ki, "Pələng ili" o qədər də sakit il deyil.
"Xüsusən də "qara pələng" illəri öz aqressivliyi, müharibələri ilə yadda qalıb. Üstəlik ilin aparıcı planeti Marsdır. Mars da hərb planetidir. O da müharibələrə rəvac verən bir dönəmdir. Nəzərə alaq ki, Dünya müharibələrinin hər ikisinin başlanğıcı pələng ilinə düşür. 1986-cı ildə Çernobılda baş verən partlayış da pələng ilinə təsadüf edib. Ümumən belədir ki, pələng ili sui-qəsdlərlə, çevrilişlərlə yadda qalan il olub. Məsələn 20-ci əsrdə pəlng illərində çevrilişlər hər zaman olub. Bir sonuncu - 2010-cu il pələng ilində bir o qədər çevriliş olmadı. Afrika dövlətlərində, Latın Amerikasında, bir-iki Avropa, Asiya ölkəsində çevriliş az oldu. Amma ona qədərki dövrü müşahidə etdikdə, tarixi xronologiyaya nəzər yetirmişəm ki, belə hadisələr çox olub. Təyyarə qəzaları və vulkan püskürmələri ilə də yadda qalıb. Hər ilin bir təbii fəlakət tendensiyası olur. Məsələn, ötən illərdə meşə yanğınları oldu. Elə Türkiyədə, Yunanıstanda, Sibirdə, daha əvvəl Avstraliyada olmuşdu. Amma bu il daha çox təyyarə qəzaları və vulkan püskürmələridir. Pələng ilində yaxşı hadisələr də olub. Məsələn, sülh müqavilələri, 20-yə qədər dövlət öz müstəqilliyini əldə edib".
Gələn ilin proqnozları barədə danışan astroloq Qarabağdakı vəziyyət və pandemiya ilə bağlı gözləntilərini də açıqladı:
"Ötən il də dediyim kimi Qarabağda hər hansı müharibə olmayacaq. Xırda antiterror əməliyyatları ola bilər. Pandemiya ilə bağlı da ötən il verdiyim proqnozda mayın sonlarından yumşalmağa başlanılacağı barədə proqnoz vermişdik. Doğrudan da mayın 31-də təkcə Azərbaycanda küçədə maska taxmağı yığışdırdılar, toylara icazə verildi. Müxtəlif ölkələrdə, həmçinin Rusiyada və Avropada ölkədaxili qatarların hərəkəti bərpa olundu, təyyarə reysləri açıldı. Demək olar ki, bütün ölkələrə təyyarə reysləri açıldı, üstəlik vaksin mərhələsi də bu işin qarşısını aldı. Amma 2022-ci ilə gəlincə, proqnozlarıma görə, ilin ikinci yarısından koronavirus öz mahiyyətini sürətlə itirməyə başlayacaq. Yox olacaq demirəm. Yəni, tutaq ki, faizlə götürsək nisbi şəkildə indi təsir dairəsi 60 faizdirsə, ilin ikinci yarısında artıq o, 20 faizə qədər düşəcək”.
Nuranə Tofiqli












