Taksi sürücüləri kartla ödəniş edən müştəridən niyə imtina edirlər? - AÇIQLAMA

 13:28 24.12.2021     2742

Son vaxtlar Bakıda fəaliyyət göstərən taksi şirkətləri ilə bağlı narazılıqlar səsləndirilir. Belə ki, taksi şirkətlərinin (əsasən "Bolt"da müşahidə olunur) sürücüləri həm onlayn, həm də nağd ödəniş sistemi tətbiq olunduğu halda kartla sifarişi qəbul etmir, yaxud onu ləğv edərək imtina edirlər.

Məsələn, onlayn sifariş zamanı sürücü ünvana gəlməzdən öncə müştəriyə zəng edərək "ödəniş kartdı, ya nağd" sualını verir. Sifraişçi pulu kartla ödədiyini bildirdikdə, sürücü "kartdısa, sifarişi ləğv edin" deyərək ünvana gəlməkdən imtina edir. Bu da təbii ki, müştərilərin haqlı narazılığına səbəb olur. Taksi şirkəti qeyri-nağd ödəniş sistemini tətbiq edibsə və sərnişin gediş üçün bu sistemlə qeydiyyatdan keçirsə, deməli sürücü bu qaydanı pozmuş olur. 

Məsələ ilə bağlı "Bolt" şirkətindən Redaktor.az-a bildirildi ki, taksi xidməti mobil tətbiq vasitəsilə sifariş olunursa, bu zaman gediş haqqının həm onlayn, həm də nağd qaydada ödəlməsi mümkün olur və bununla bağlı hər hansı problem yarandıqda istifadəçi onlayn qaydada şikayətini bildirir:

“Bizdə kartla ödənişi yalnız mobil tətbiqlə sifariş qəbul olunan zaman mümkün olur. Bu qayda ilə bağlı problem yaşayan sərnişinlər şikayətlərini və iradlarını dəstək bölməsinə bildirə bilərlər. Şikayət dəstək bölməsinə yazılır və orada araşdırılır. Elektron qaydada yazılan şikayətə baxılır və geridönüş edilir. Daha sonra şikayət daxil olan taksi sürücüsü araşdırılır və müvafiq tədbir görülür".

Yol-nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, bu problem taksi şirkətlərinin sürücülərdən aldığı faizin çox olması ilə də bağlıdır:

“İlk növbədə onu qeyd edim ki, Azərbaycanda yaranan taksi xidməti liberal bir xidmətdir. Bu sırf tələb, təklif və bazar iqtisadiyyatının qaydaları əsasında formalaşmış xidmətdir. Seçim imkanları olduğu üçün bundan istifadə etmək vətəndaşlarımız üçün rahatdır. Hazırda taksi operatorları çoxdu, istənilən operatorla vətəndaşlar nağd və qeyri-nağd ödənişləri edə bilir. Lakin burada bir məsələ var ki, bəzi taksi şirkətləri, xüsusən xarici ölkədən gətirilən şirkətlər həm sürücülərin, həm də sərnişinlərin hüquqlarını pozur. Sürücülərin hüquqlarını belə pozurlar ki, onlar sürücüdən aldıqları komissiya faizini daha yüksək alırlar. Məsələn, sürücünün qazandığı pulun 20 faizini alırlar. Bu da düşünürəm ki, böyük rəqəmdir. Halbuki həmin xarici ölkədən gələn taksi operator şirkətləri başqa ölkələrdə sürücülərdən daha az faiz alırlar, adətən bu 10 faiz civarında olur. Hesab edirəm ki, ilk növbədə bu məsələ həll edilməlidir".

Ekspertin sözlərinə görə, tələbləri pozulan sərnişinlər bu halın aradan qaldırılması üçün müvafiq qurumlara müraciət etməlidirlər:

"Taksi sərnişinləri bir istehlakçıdır. Azərbaycanda da istehlakçıların hüquqları “İstehlakçıların hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu ilə qorunur. Bu qanuna əsasən istehlakçıların seçim hüququ var. Eyni zamanda, əgər taksi operator şirkəti vətəndaşın, yəni istehlakçının taksidən xidmətini kartla qeydiyyata alıbsa, həmin taksi operatoru şirkəti mütləq qaydada vətəndaşın kartla ödəniş etməsini təmin etməlidir. Əgər sürücü burada narazılıq edirsə, yaxud bunu istəməyibsə, bu artıq birbaşa həmin taksi operatoru şirkətinin məsuliyyətidir. Həmin istehlakçılar, taksidən istifadə edən sərnişinlər bu haqda İqtisadiyyat Nazirliyi yanında İstehlakçıların hüquqlarını müdafiə edən quruma şikayət ərizəsi ilə müraciət etməlidirlər. Bunu həm elektron, həm də yazılı formada edə bilərlər. Bir istehlakçı kimi öz hüquqlarının pozulması haqqında bu məlumat mütləq dövlət qurumuna bildirilməlidir. Dövlət qurumları da bununla bağlı olaraq həmin taksi şirkətlərinə qarşı sanksiyalar irəli sürməlidir. Nə vaxta qədər ki, taksi xidmətindən istifadə edən və narazı qalan vətəndaşlarımız dövlət qurumlarına müraciət etməyəcək, bu problem həll edilməyəcək”.

Nuranə Tofiqli

Vumart və Güvən reklamı Vumart Güvən