Təcili tibbi yardım avtomobilləri niyə gecikir? - AÇIQLAMA

 15:26 05.01.2022     1029

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva təcili yardım avtomobillərinin gec çatması barədə səsləndirilən narazılıqlara münasibət bildirib.

Redaktor.az xəbər verir ki, N.Fərzəliyeva deyib ki, paytaxt üzrə mövcud olan 139 briqada adi gündə 1700-1800 çağırışı gecikmədən normal şəkildə icra edə bilər. Çağırış yerinə çatmaq isə maksimum 40 dəqiqə çəkə bilər.

Onun sözlərinə görə, bəzən hadisə yerinə təcili yardım avtomobilinin gec çatması barədə narazılıqlar səsləndirilir:

“Nəzərə almaq lazımdır ki, çağırışlar çox olarsa, gecikmələr qaçılmazdır. Əgər çağırışların sayı adi gündəkindən çoxdursa istər-istəməz gecikmə ola bilər. Çağırış çox olanda çeşidləmə yolu ilə icra etməyə çalışırıq. Say 3300-ə çatanda gecikmə qaçılmazdır. Travmalar, ürək tutmaları, qıcolmalar zamanı, hamilələrin, uşaqların təcili yardıma çağırışlarını ilk növbədə həyata keçirməyə çalışırıq”.