Uşaqlar arasında yayılan xəstəliklə bağlı RƏSMİ AÇIQLAMA

 13:23 10.01.2022     887

“Hazırda uşaqlar arasında COVID-19-dan daha çox qarşılaşdığımız “influenza” virusudur”.

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev deyib. O qeyd edib ki,  COVID-19-un uşaqlar arasında yayılması ştamların müxtəlifliyinə görə dəyişir. COVID-19-un “alfa” ştamını biz daha kiçik yaşlı uşaqlarda rast gəldiyimiz halda, “delta” ştamı 10 yaş və üzəri uşaqlarda daha çox müşahidə edilib.

Uşaqlar arasında COVID-19 xəstəliyini daha ağır gedişatda keçirən xüsusi risk qrupuna gəlincə isə, Ə. Quliyev bildirib ki, böyüklərdə olduğu kimi, əsas xroniki xəstəliyi olanlar, allergik bronxiti olanlar, immunosupressiv dərmanlardan istifadə edənlər, xərçəng və revmatoloji xəstəlikdən əziyyət çəkən uşaqlarda ağır COVID-19 riski yüksəkdir.

“COVID-19-un əlamətləri qriplə çox bənzəyir. Qripə gəldikdə isə COVID-19 ilə oxşarlığı ayırd etməni çətinləşdirir. Çünki hər iki xəstəlik boğaz ağrısı, hərarət, yorğunluq, quru öskürək, kimi əlamətlər verir və ötürülmə yolu eynidir. Bəzən uşaqlarda xəstəlik zamanı olan səpgilər valideynləri narahat edir və “COVID-19 əlamətidir” düşüncəsinə qapılırlar. Səpgilər çox vaxt virus xəstəliklərinin əlamətlərindən biri kimi meydana gəlir. Respirator simptomlardan sonra meydana gəlir, ona görə də diaqnoz qoymaq üçün səpgiyə istinad etmək heç də yaxşı seçim deyil. Oxşar əlamətləri fərqləndirməyin ən doğru yolu PZR yaxma üsuludur”.

Son günlər tez-tez eşitdiyimiz “influenza” virusunun uşaqlara necə təsir etməsinə gəlincə isə, həkim bildirib ki, virus dekabrın əvvəlindən daha çox müşahidə olunmağa başlanılıb və artmağa davam edir. Kiçik körpələrə və 0-5 yaş qrupu uşaqlara daha çox təsir edir. Çox ağır bronxitə səbəb olur. Hazırda uşaqlar arasında COVID-19-dan daha çox qarşılaşdığımız virus qrupu budur. Uşaqlar xəstələndiyi halda vaxtında həkimə müraciət etmək lazımdır. Hətta xəstəliyin ilkin simptomlarında mütləq həkimlə məsləhət edilməlidir:

“Uşaqlar məktəblərdə maska, məsafə və təmizlik qaydasına ciddi diqqət yetirməlidirlər. Bu məqamda həm müəllimlərin, həm də ailələrin üzərinə öhdəlik düşür. Bundan əlavə, risk qrupunda olan, məsələn, ürək çatışmazlığı, şəkərli diabet, immun sistemi çatışmazlığı, xroniki ağciyər xəstəliyi olan uşaqlar dərhal qrip peyvəndi almalıdırlar. Qrip mövsümünün başlamasına 15 gün qalmış qripə qarşı peyvəndin alınması daha faydalıdır”.

“İnfluenza” virusunun müalicəsində nələrə diqqət edilməlidir sualına gəlincə isə həkim bildirib ki, virus xəstəliklərinin müalicəsi əsasən simptomatik təyin edilir. Hərarət salıcı dərmanlar, bol maye qəbulu tövsiyə olunur. Ancaq risk qrupundakı uşaqlar və risk qrupunda olmayıb, amma xəstəliyin daha ağır seyrinin görüldüyü xəstələrdə qrip virusuna təsir edən dərmanların istifadəsi lazımdır. Unutmamalıyıq ki, antibiotik hərarət salıcı deyil. Antibiotik bakterial infeksiya varsa və təyinata göstəriş varsa, qəbul olunmalıdır. Bu cür vəziyyətlərdə mütləq həkimə müraciət edilməlidir və müalicə yalnız mütəxəssis tövsiyəsi ilə aparılmalıdır.