Azərbaycanda koronavirusdan ölən hamilə qadınların sayı AÇIQLANDI

 10:30 11.01.2022     4689

Son bir ildə Kliniki Tibbi Mərkəzə COVID-19-a yoluxmuş 939 hamilə və zahı qadın yerləşdirilib ki, onlardan da 260-nın vəziyyəti kritik ağır olub. 

Bu barədə Redaktor.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, Mərkəzə bu müddət ərzində müraciət edənlərin 903-ü hamilə, 36-sı zahı olub: 

“Həkimlərin səylərinə baxmayaraq, Mərkəzə yerləşdirilən və vəziyyəti olduqca ağır olan 260 hamilə qadından 20-nin həyatını xilas etmək mümkün olmayıb. 

Koronavirusa yoluxmuş 903 hamilə qadından 287-si (75-i birbaşa doğum zalına aparılıb) övladını dünyaya gətirib, 39-u isə düşüklə nəticələnib. 577 hamilə qadının vəziyyəti yaxşılaşdığı üçün isə evə buraxılıb.

Dünyaya gələn uşaqlardan 7-si diri doğulsa da, ağciyər çatışmazlığı səbəbindən vəfat edib”.

Xatırladaq ki, Səhiyyə Nazirliyi risk qrupuna daxil olan hamilə qadınları (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və s.) hamiləliyin 12 həftəsindən sonra “Pfizer” vaksini ilə peyvənd olunmağı tövsiyə edir.

Eyni zamanda, hazırda risk qrupuna daxil olmayan hamilə qadınlar da, hamiləliyin 12 həftəsindən sonra yazılı razılıqları əsasında “Pfizer” vaksini ilə peyvənd oluna bilərlər.