Bakıda 11 yaşlı uşaq acınacaqlı vəziyyətdə - FOTO

 15:54 13.01.2022     839

Bakıda 11 yaşlı uşağın narkotik aludəçisi olduğu iddia edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Onun sözlərinə görə, dövlət qurumları uşağa dəstək göstərmir:

“Uşaq narkotik asılılığından psixi xəstəyə çevrilib. Heç olmazsa onu ruhi-əsəb xəstəxanasına yerləşdirin. “Nizami” metrosunun yaxınlığındadır...

Bu uşaq Azərbaycan vətəndaşıdır. Ruslanı dəfələrlə Bakı Şəhər Polis İdarəsinin əməkdaşları,  Yasamal Polis İdarəsinin əməkdaşları tapıb aparıb aidiyyəti, daha dəqiq desəm, Səhiyyə Nazirliyinin “103” xidməti vasitəsi ilə dispanserə, xəstəxanaya yerləşdirilib, amma heç 1 saat keçmədən səhiyyə müəssisəsi əməkdaşları “ay, qaçdı!” deyib xəstə bir uşaqdan qurtulublar!”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, sözügedən uşaq dəfələrlə xəstəxanaya yerləşdirilsə də, hər dəfə oradan qaçıb:

“Sonuncu dəfə əməkdaşımızın iştirakı ilə təcili tibbi yardım avtomobili ilə aparılan zaman qaçmışdı. Hazırda uşağın tapılması ilə bağlı hüquq-mühafizə orqanları və komitə əməkdaşları ərazidədir. Uşaq tapılandan sonra komitənin əməkdaşları ilə birlikdə xəstəxanaya təhvil veriləcək”.

O qeyd edib ki, uşağın sənədinin hazırlanması ilə bağlı aidiyyəti orqanlar məşğuldurlar. 

 

2