Fala baxanlar efirlərə niyə çıxarılır?
Azərbaycanın televiziya məkanında falçıların, ekstrasenslərin, cadugərlərin açıq təbliği aparılır. Efirlərdə müəyyən qısa müddət ərzində bu nadanlığa ara verilsə də, son vaxtlar bəzi yerli telekanallar yenidən bununla reytinq qazanmağa çalışırlar. Ölkədə ciddi problemlərin işıqlandırılması yerinə, efirlərdə baxıcıların reklamı yer alır.
Qeyd etdiyimiz kimi televiziya verilişlərinin canlı yayım buraxılışlarında belə insanlara yer verilməsi, onların təbliğatı əsasən reytinq xarakteri daşıyır. Çünki onların əksəriyyəti fırıdaqçıdır və birbaşa nadanlığı, xurafatı təmsil edir. Televiziyanın əsas vəzifələrindən biri isə insanları, cəmiyyəti maarifləndirmək, bu kimi əməllərdən çəkindirməkdir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan tanınmış jurnalist, televiziya tənqidçisi Qulu Məhərrəmli bildirdi ki, falçılıq, baxıcılığın özü çatışmazlıqdır və televiziyada bunlara yol verilməsi düzgün deyil:
“Belə məsələlər televiziyada qabarıq görünür, bir müddət olmur, lakin sonra yenidən hansısa özəl telekanalda üzə çıxır. Hesab edirəm ki, belə şeylərə yol vermək olmaz. Çünki indi 21-ci əsr internet, məlumat bolluğu, informasiya cəmiyyəti dövrüdür və birdən-birə falçılar, başqa möhfumati hisslər yaradan davranışlar yolverilməzdir. Bunlar qeyri-ciddi söhbətlərdir. İnsanlar maariflənməli, özünü və ictimai münasibətləri dərk etməlidir. Televiziya da bu işdə auditoriyaya, cəmiyyətə kömək etməlidir. Əgər televiziya özü nadanlığı, möhfumatı, çatışmazlıqları təbliğ edirsə, bunun özü yolverilməzdir. Hesab edirəm ki, televiziya prodüserləri, televiziya rəhbərləri buna diqqət yetirməlidirlər ki, belə hallar olmasın. Bu, mümkün deyil, yolverilməzdir. Bunun dövrü keçib gedib. İndi insanların informasiya mənbələri bu qədər genişdir. Falçılıq, ekstrasensliyin özündə belə müəyyən problemlər var. Ona görə bunlara diqqətlə yanaşmaq lazımdır”.
Nuranə Tofiqli












