İctimai nəqliyyatda kimlərə yer verməliyik? - Sosioloq: "O insan daha mədənidir ki..."

 12:20 25.01.2022     9825

Azərbaycanda ictimai nəqliyyatda yer vermək məsələsi hələ də müzakirə və mübahisə doğuran məsələlərdən biri olaraq qalmaqdadır. Yaşlılar, uşaqlı qadın və ya kişilər, azyaşlılar, əlilliyi olan şəxslər istisna olmaqla digər yaş qrupundan olan insanlara, xüsusilə də qadınlara yer vermək gənclərin üzərinə sanki vəzifə və borc kimi qoyulur. Lakin bu məsələ mental dəyərlərə əsaslansa da, bunu etik və düzgün saymayanlar da çoxdur.

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, ictimai nəqliyyat oturacaqlarında yalnız ehtiyacı olanlara yer vermək lazımdır:

“Diqqət etmək lazımdir ki, buna ayaqüstə dayananın nə dərəcədə ehtiyacı var. Əgər bu adam yaşlıdırsa, xəstədirsə, bu zaman ona kömək etmək lazımdır. Yəni bu, insan üçün çox müsbət bir xüsusiyyətdir ki, həmişə özündən zəifə kömək etsin. Bu söz min illərə aiddir. Belə bir adət-ənənə var. Azərbaycanda da bu adət-ənənə yaranmışdı. Bu sahədə vəziyyət yaxşı idi. İndi bir qrup gənc var, sanki özlərini elə hesab edirlər ki, bunlar çox müasirdir və Avropada belə şeylər yoxdur. Belələri də buna əməl etmir və özünü nümayiş etdirmək istəyir ki, “Mən də müasirəm”. Amma bu, çox yanlış və gülünc bir şeydir, çünki bu, zahiri tərəfdən özünü müasir göstərməkdir. Əslində müasir insan kimdir? Bəzən kəndin birində də yaşlı bir insana, yaxud bir gəncə rast gəlirsən və görürsən ki, o, kənddə olsa da, üst-başı töz-torpaq olsa da, şəhərdəki bir adamdan qat-qat daha müasirdir. Cəmiyyəti başa düşən, cəmiyyətə uyğun hərəkət edən adam daha müasirdir, nəinki cəmiyyətdə gərginlik yaradan. O adam daha mədənidir ki, o, ətrafında ahəng yaratmağa kömək edir. Ətrafında gərginlik yaradan adam mədəni və müasir sayıla bilməz. Ona görə də, ictimai nəqliyyatda da bu cür münasibətlər - yaşlıya, xəstəyə hörmətlə yanaşmaq, ətrafda ahəngdarlıq yaradır. Yəni, o adam daha mədənidir. Amma o adam ki, özünü Avropanın hansısa ölkəsində, kinoda görüb, ya eşidib, ya bir dəfə ora gedib-gəlib və hesab edir ki, orada insanlar ayağa durmur və onlar daha mədənidir, o adam birmənalı olaraq nadandır, yəni müasir insan deyil. Bir də xalqın adət-ənənəsi də var və buna riayət etmək özü də ahəndarlıq yaradır. Dediyim kimi o adam daha mədənidir ki, öz ətrafında ahəngdar münasibətin yaranmasına kömək edir. Ancaq görsək ki, bir yaşlı, yaxud xəstə insan ayaqüstə güclə dayanır, bu zaman belə insanlara yer vermək lazımdır. Bəzən elə olur ki, ifrata varırlar".

Sosioloq qeyd etdi ki, bəzən kişilər, cavan oğlanlar durub gənc qızlara yer verir: “Burada ifrata varmaq lazım deyil. Birdən kişinin qıza, gənc xanımlara yer verməsi kənardan yaxşı görünmür və başqa cür də görünə bilər. Ancaq yaşlı, xəstə və yaşına görə körpələrə yer vermək olar. Yəni köməyə ehtiyacı olan adama hökmən yer vermək lazımdır. İstər Amerika osun, istərsə də Kanada, yaxud Yaponiya olsun, fərqi yoxdur, bu, insan cəmiyyətidir. O insan daha mədənidir ki, özündən zəif adama kömək edir. Amma indi bir 70 yaşlı kişinin durub gənc, sağlam qadına yer verməsi bir az şit görünür. Burada ifrata varmaq lazım deyil. Əsas odur ki, ətrafında hiss edirsən ki, sənin köməyinə ehtiyac var. Yəni başqa insanın səndən daha çox oturmağa ehtiyacı var. Amma belə də ola bilər ki, sənin özünün də vəziyyətin pis olarsa, bu zaman durmağa ehtiyac yoxdur. Amma bir də var ki, nümayişkaranə göstərəsən ki, baxırsan ki, bir gənc oğlanın başının üstdə yaşlı bir qadın durub və oğlan da qulaqcıqları taxıb mümayiş etdirir ki, bu, çox müasir adamdır. Belə bir şey gülüncdür, nadanlıqıdır. Mən Avropanı kifayət qədər yaxşı tanıyıram və Avropa sosioloqları ilə də bu barədə söhbətlərimiz olub. Onlar həmişə Şərqdə, Azərbaycanda yaşlılara xəstələrə kömək məsələsini təqdir edir. İndi bu bir qrup insanlardır ki, onlarda yanlış düşüncə yarana bilir".

Qeyd edək ki, bəzən sərnişinlərin sıx olduğu vaxtlarda ictimai nəqliyyata bel çantası ilə daxil olan şəxslər beldəki əşya ilə ətrafdakılara narahatllıq yaradırlar.

Əhməd Qəşəmoğlu bu məsələ ilə bağlı da fikrilərini bölüşdü:

“Dediyim kimi, o adam daha mədənidir ki, ətrafında gərginlik yox, ahəng yaradır. Əgər sənin əlində avtobusda, metroda günün elə vaxtında gedirsən ki, insanlar çoxdur və sənin əlindəki əşya da öz ölçülərinə görə orada gərginlik yaradacaqsa ,sənin bunu etməyin artıq doğru deyil. Bəzən isə bir nəfər iti ilə ictimai nəqliyyata daxil olur və onu buraxır insanların arasında gərginlik yaradır. O ölkə daha mədəni və inkişaf etmiş ölkə sayılır ki, orada insanlar küçədə, ictimai yerlərdə bir-biri ilə daha mədəni münasibətdə olurlar. Bir-birinə öz gücünü, malını, pulunu, paltarını göstərməklə yox, mədəni davranışı ilə seçilən ölkə daha inkişaf etmiş ölkədir. Biri küçədə bağırır, qışqırır, yaxud ictimai nəqliyyatda iki gənc oğlan bir-birini vurur və s. Şəhərimizə gələn qonaqlarda həmişə bu məsələ ilə xalqımız haqqında fikir formalaşır. Çünki özüm də xarici ölkədə olanda, orada küçədəki insanların hərəkəti o xalq haqqında məndə fikir yaradır".

Nuranə Tofiqli