İntiharların sayı kəskin artıb - Aidiyyəti qurumlar bu məsələyə niyə əhəmiyyət vermir?

 11:56 29.01.2022     2215

Xəbər verdiyimiz kimi, ötən il Azərbaycanda 612 intihar və intihara cəhd hadisəsi qeydə alınıb. Bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında deyib.

Açıqlanan statistika təəssüf hissi ilə bərabər narahatlıq da doğurur. Maraqlıdır, ilbəil artan intiharların səbəbi nədir? Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Orxan Oruc bildirdi ki, intihar faktlarının son zaman virus kimi yayılmağa başlayıb:

“Əslində statistik göstəricilərin sayının artması bir neçə səbəblə bağlıdır. Lakin bunların arasında ən vacibi - intihar xəbərlərinin mütəmadi olaraq mətbuata çıxması və ictimailəşməsidir. Yeniyetməlik və erkən gənclik dövrü xüsusilə həssas bir dövrdür. Yeniyetmələr özlərini daha çox təsdiq etməyə və sübut etməyə çalışırlar. Uşaqlıq və yetkin insan arasında keçid mərhələsi olduğuna görə, Onların psixologiyasında da müxtəlif dəyişikliklər baş verir. Bütün bunlar müxtəlif şəxslərdə gərginliyin hansısa formada büruzə verməsinə gətirib çıxarır. Belə həssas vaxtda mətbuatda, sosial şəbəkədə bu kimi xəbərləri oxuduqda, intihar onlar üçün çıxış yolu kimi görünməyə başlayır. Bu mənada statistikanın sayının artmasının qarşısını almaq üçün hər kəs əl-ələ verməlidir. Dövlət bu məsələdə nəzarət mexanizmini hansısa formada həyata keçirə bilər. Lakin hər şeyi də dövlətin üstünə atmaq olmaz. Sosial şəbəkələr, mətbuat intihar hadisələrini elə bir formada təqdim edir ki, istər-istəməz diqqət çəkir. Bir çox hallarda hətta intihar videoları açıq şəkildə yayımlanır. İntiharın hansı formada baş verdiyi, hansı üsuldan istifadə edildiyi, səbəbləri detallı şəkildə qeyd olunur. Sevgilisinə görə, imtahandan az bal topladığına görə, hansısa ailədaxili münaqişəyə görə baş verən intihar xəbərini oxuyan yeniyetmə və ya gənc fikirləşir ki, mənim də sevgilimlə problemlərim var, mən də imtahandan az bal tolamışam və ya atamla yola gedə bilmirəm. Qoy elə mən də intihar edim. Beləliklə intihar faktları yayılmağa başlayır. KİV və ya sosial şəbəkələrdə bu kimi xəbərləri paylaşan zaman ilk olaraq düşünməliyik ki, mən bunu paylaşmaqla cəmiyyətə və insanlara nə fayda verirəm. Bununla kimi maarifləndiririk? Ola bilsin ki, belə xəbərləri oxuyan valideynlər övladlarına qarşı daha diqqətli və nəzarətli olmağa başlayır. Amma valideynlərin nəzarət funksiyasının artmasından daha çox belə xəbərlər yeniyetmələrdə intihar düşüncələri yaratmağa səbəb olur”.

Psixoloq hesab edir ki, hər kəs bu məsələdə cəmiyyətimizə dəstək olmalıdır:

“İntiharla bağlı bütün ölkələrin statistikasına baxsaq görərik ki, ardıcıl şəkildə baş verir. Bəzən intihar hadisələrinin sayı artır, bəzi vaxtlarda isə azalır. Çünki intihar edən şəxs intihar etmək istəyənlər üçün bir örnək olur. Bu gün Azərbaycanda intiharla bağlı elan edilən rəqəmlər ölümlə nəticələnən faktlardır. Ölümlə nəticələnməyən, intihar hərəkətindən ən son anda geri çəkilən insanların sayını ümumiyyətlə bilmirik. Bu göstərici real statistikadan qat-qat daha çoxdur.  Ona görə dəö intihar faktlarının səbəbi dərindən və ətraflı şəkildə araşdırılmalıdır. Ailədaxili münaqişələr, nəsillər arası fərqlər və gənclərlə yaşlıların bir-birini başa düşməməsi ciddi problemdir. Bəzən valideynlər öz övladlarına özü kimi baxmağa çalışır. Yeniyetmənin geyimi, həyat tərzi ilə bağlı hər şeyə müdaxilə edilir. Bu da ailə daxili konfliktləri qaçılmaz edir. Qeyd edim ki, intihar faktlarının artmasına təsir edən əsas səbələrdən biri iqtisadi vəziyyətdir. Elə adam var ki, ayda beş min manat qazanır, eləsi də var ki, ehtiyaclarını qarşılamaq üçün 50 manat gəliri yoxdur. Müasir dövrdə iqtisadi fərqlər insanların intihara meyllənməsinə səbəb olur. Bundan başqa cəmiyyətimizdə olan əsassız və məntiqsiz qınaqlar da səbəblər arasındadır. İntihar edən şəxslərin həyatına fikir versək görərik ki, ətrafdakı insanlar tərəfindən psixoloji şiddətə məruz qalmıb. Nəticədə onlar həyatla vidalaşıblar. Ümumilikdə götürdükdə, intihar çarəsizliyin ən son həddidir və buna əl atan  şəxs sonuncu doğru addım hesab edir. Lakin onlar intiharla bağlı qərar verəndə emosional gərginlik altında olur və  düşünmə imkanları zəifləməyə başlayır. Bəziləri nümayiş etmək üçün intihara cəhd edir. Təəssüf ki, bəzən bu ölümlə nəticələnir. Yaxud, bəzən kimdənsə acıq çıxmaq, qisas almaq, kiməsə nəyisə sübut etmək üçün intihar cəhdləri də olur”. 

Psixoloq Nərgiz Süleymanlı isə intiharın səbəblərindən danışarkən qeyd etdi ki, yeniyetməlik dövrü yaş xüsusiyyətlərinə görə çox çətin bir dövrdür:

"İstər psixoloji, istər dəyişən fizioloji məsələlərə görə bu yaş qrupunda intihar edənlərin sayı üstünlük təşkil edir. Təəssüf ki, son zamanlar intiharlarla bağlı göstəricilər durmadan artmaqdadır. Bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. İnkişaf etmiş ölkələrin göstəricilərinə baxsaq görərik ki, 15-24 yaş arası insanların intihar statistikası ötən dövr ərzində 3 dəfə artıb. Bu təbii ki, narahatlıq və təşviş doğuran bir vəziyyətdir. İqtisadi çətinliklər, insanların həyat tərzi, qarşılaşdıqları problemlər, onlarla baş etmə metodları hamıda eyni deyil. İntihar insanın bütün ümidlərinin tükənməsidir. İntihar səbəblərini biz iki-üç kateqoriaya bölə bilmərik. Burada bir neçə səbəblər rol oynayır”.

Psixoloq vurğuladı ki, intihar etmək istəyən şəxsin psixoloji vəziyyətinə təsir vasitələri müxtəlifidir:

“Depressiv mövzulu filmlər, seriallar, kliplər və intihar faktlarının açıq şəkildə yayımlayan sosial media əsas vasitələrdir. İntihar faktlarını geniş yayımlayanlar bunu bir növ insanlara çıxış yolu kimi göstərir. Başqa bir şəxsin intiharı xəbərini oxuyan şəxs, xüsusi ilə də yeniyetmələr üçün ağlabatan ideyaya çevrilir. Buna görə də ilk növbədə belə xəbərlərin geniş şəkildə tirajlanmasının qarşısı alınmalıdır. Bəzi xarici seriallarda, onların mahnılarında belə yanaşmalara çox yer verilir. Bu seriallar insanların beynində depressiv əhval-ruhiyyə formalaşdırır. Bunun qarşısını almaq üçün isə geniş və kompleks iş aparılmalıdır. Məktəb psixoloqları burada çox önəmli rol oynayır. Valideynlər yeniyetmələrlə davranışlarına xüsusi ilə diqqət etməlidir. Təəssüf ki, bir çox valideyn yeniyetmə övladı ilə düzgün rəftar edə bilmir. “Məni heç kim anlamır” deyə düşünən bir yeniyetmə üçün valideyni ilə dərdini bölüşmək lazımsız bir şey kimi görünür. Çünki o cəza sistemindən qorxur. Etdiyi səhvlərlə baş-başa qala bilmir. Çünki onlar fikirləşir ki, bunun öhdəsindən təkbaşına gələ bilməyəcək. İmtahan dövründə xüsusilə belə hallar yaşanır. İl boyu onsuz da ağır stress altında olan uşaqlar intihara son çıxış qapısı kimi baxır”.

Sosioloq Əhməd Qəşəmoğlu mövzu barədə danışarkən bildirdi ki, bəzi insanların ətraf-mühiti, aldığı informasiya və dəyərlər onun intiharına yol açır.

“İntihar mövzusu zaman-zaman gündəmə gəlib və bu barədə dəfələrlə müxtəlif fikirlər səsləndirilib. İnsanların intihar etməsində bir neçə sosioloji amil mühüm rol oynayır. İnsanın öz şəxsi, psixoloji fərdi xüsusiyyətləri ən mühüm amildir. Elə insanlar var ki, onlarda doğulandan intihara meyllilik xüsusiyyəti olur. Mühitdə gedən proseslər bu meylləri bloklaya bilir. Belə olan halda həmin insan öldükdən sonra belə bu üzə çıxmır. Aldığımız informasiyalar, üstünlük verdiyimiz dəyərlər buna öz təsirini göstərir. Bəzən isə əksinə olur. Yəni bəzi insanlarda mühit, aldığı informasiya və dəyərlər onun intiharına yol aça bilir. İnsanın cəmiyyətdə özünü təsdiq edə bilmə tələbatı var. Beşikdə olan uşaqlara fikir versək görərik ki, o özünü təsdiq etmək üçün müxtəlif hərəkətlər edir. Bu insanın təbii  tələbatıdır. İnsan cəmiyyətdə özünü təsdiq edə bilmədikdə və gələcək haqqında ümidsizliyə qapıldıqda intihara meylliliyi güclənir. Ona görə də biz həmişə çalışmalıyıq ki, gənclərə öz yerini tapmağa kömək edək. İş yeri, təhsil və digər faktlarla uşaqlarda və gənclərdə gələcəyə ümid yaratmalıyıq. Gənclərdə sabaha inam olmalıdır. Onlar bilməlidir ki, üç-beş ildən sonra indi yaşadıqları bu çətinliklər qurtaracaq və ya əhəmiyyətini itirəcək. Təəssüf ki, bu istiqamətdə boşluq var və iş aparılmır. Aidiyyəti qurumlar bu məsələyə əhəmiyyət vermir. Elmi mərkəzlər olmalı və təhlillər aparılmalı, konsepsiyalar hazırlanmalıdır. O zaman jurnalist də biləcək ki, hansı məlumatı necə versin. Bu gün Azərbaycan cəmiyyətinin ən böyük problemi elmin köməyindən istifadə etmək vərdişinin olmamasıdır. Təəssüf ki, bizim elmin imkanlarından istifadə etmək vərdişimiz yoxdur”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən