"Nəzirin elektron qaydada verilməsi daha məqsədəuyğundur" - Deputat

 14:11 27.01.2022     3360

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək. "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.

Azərbaycan dünyəvi dövlət olsa da, ölkəmizdə yaşayan insanların çoxu islam dininə ibadət edir. Bu mənada əksər insanlar məscidlərə gedərək, öz nəzirlərini ora verir. Nəzərə almaq lazımdır ki, bu insanların çoxu yaşlı insanlardır. Maraqlıdır, bu ənənəni Azərbaycanda tətbiq etmək mümkün olacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Ceyhun Məmmədov cavablandırıb. O bildirib ki, bu qərar şəffaflığı təımin edəcək:

“Elektron ödəniş dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da tətbiq olunur. İllər əvvəl hansısa marketlər, banklar da elektron ödənişə keçəndə bu cəmiyyətimizdə birmənalı qarşılanmamışdı. İndi biz texnologiya əsrində yaşayırıq. Hesab edirəm ki, dini ianələrin də plastik kartla edilməsində heç bir problem yoxdur. Bu gün Azərbaycanda belə nümunələr çoxdur. Məsələn, “Yaşat” fonduna plastik kartlarla ianələr edilir. Bu mənada nəzirin, və ya digər dini ianələrin elektron qaydada aparılması, hesab edirəm ki, daha məqsədəuyğundur. Bu, həm hesabatlılığı, həm də şəffaflığı təmin edəcək. Bu çox mütərəqqi qərardır və insanlarımız bunu yaxşı qarşılamalıdır. Beləliklə, insanların harasa getməsinə ehtiyac yoxdur. Onlar müəyyən edilmiş hesablar vasitəsilə öz ianələrini edə bilər. Ümumilikdə götürsək, bu, həm vətəndaşların, həm icmaların işini daha da asanlaşdıracaq. Ən vacib məsələ isə bu metodla şəffaflığın təmin edilməsidir. Bu, təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində tətbiq edilir və heç bir problem olmur”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən