Vəfat etmiş şəxsin adına niyə protokol göndərilir?

 16:29 30.01.2022     3919

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilib. 

Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupu açıqlamada bildirib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib. Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol onun adına tərtib edillib.

Sual yaranır ki, uzun müddət əvvəl vəfat etmiş şəxsin adına protokol hansı səbəbdən gəlir? Vəfat etmiş şəxslərin məlumatı Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmurmu?

Məsələ ilə bağlı Redaktor.az-a danışan yol nəqliyyatı eksperti Elməddin Muradlı bildirdi ki, elektron informasiya sistemində məlumatlar yenilənmədiyindən bu cür hallar baş verir və yol polisinin bundan xəbəri olmur:

“Bu məsələdə Daxili İşlər Nazirliyinin günahı yoxdur. Sadəcə burada mərkəzi informasiya sistemində məlumatlar qalıb və ləğv olunmayıb. Maşını idarə edən şəxslər də kim ki, etibarnamə alıb, onlar da tənbəllik edib maşını öz adına keçirməyib, yaxud da digər hüquqi prosedurları aparmırlar. Mərkəzi informasiya sistemi də bunu şəhidin adına qalmış maşın kimi görür və cərimələr də onun adına qeydiyyata düşür. O adamlar sadəcə vaxtında yol polisinə müraciət etməlidir. Olur ki, bir adamın atası rəhmətə gedir və onun maşınını övladı tez gedib öz adına, yaxud anasının və digər yaxın şəxsin adına keçirir. Yəni, vərəsə kimi çıxış edib ada keçirir. Burada şəhid məsələsini belə qabartmaq lazım deyil. O qədər olub ki, ölmüş şəxsdir və oğlu maşını sürür tənbəllik edib ada keçirmir və maşın atasının adına gedir. Belə olan halda, informasiya sistemində vəfat etmiş atasının adı qaldığına görə cərimə də bu şəxsin adına gedir. Sadəcə vaxtında məlumat vermək lazımdır. Problem budur ki, vəfat edən şəxslərin məlumatı yol polisinə inteqrasiya olunmur. Yol polisi onu görməlidir və informasiya sistemində onu düzəltməlidir. Düzəltmək üçün də yol polisi gərək onda vəfat etmiş şəxsin yaxınlarını axtarıb tapmalı və onlara bir-bir idarəyə gəlib bu maşının başqa adamın adına keçirilməsini deməlidir. Yəni şəhid olan şəxsin adında olan maşın avtomatik ailə üzvlərindən kiməsə keçməlidir. Həmin o kimsə tənbəllik edir, yaxud da fikirləşir ki, cərimə onun adına gəlməsin deyə elə vəfat edən şəxsin adında qalsın, cərimələr də olanda siləcəklər. Belə hallardan istifadə edənlər də var. Bu, təəssüf doğurur. Həqiqətən, burada polisi qınamaq üçün bir variant tapa bilmirəm. Yol polisi buna inanmaq üçün durub gedib onlara bir-bir deyəsi deyil ki, maşını keçirin kiminsə adına. Nə də durub vəfat edən şəxsin adından maşını çıxarıb havada saxlaya bilməz, bu maşın kiminsə adına qeydiyyata düşməlidir. Yol polisi görmür ki, kim vəfat edib, yaxud kim sağdır. Buna vətəndaşların qeydiyyatı üzrə dövlət qurumu baxır. Onlar məlumatı yol polisinə ötürsələr və yol polisi də bunu görsə, o zaman bu problem olmaz. Amma etibarnamə almış şəxs bundan istifadə edir və maşın qalır vəfat etmiş şəxsin adında”.

Ekspert vurğuladı ki, etibarnamənin müddəti bitdikdə və avtomobil idarə olunan zaman nəqliyyat vasitəsi kimin adınadırsa, cərimə də onun adına gəlir:

"Etibarnamənin vaxtı bitdikdə o texniki baxışa gedə bilməyəcək və hüquqi proseslər aparıla bilməyəcək. Etibarnamənin müddəti bitən kimi birincisi maşın harada sürülsə ona elektron cərimə gəlir, ikincisi isə yol polisi onu saxlayır. Bundan sonra  avtomobili idarən edən vətəndaş məcbur qalır maşını keçirir adına. Bəziləri bilərəkdən bunu edir. Bunun da səbəbi odur ki, qanunvericiliyə əsasən ölən şəxsin adına gedən elektron protokollar, qərarlar sonradan yol polisi tərəfindən ləğv olunur. Yol polisi də həmin şəxs tutaq ki, 10 ay qabaq vəfat edibsə, bundan sonra tətbiq olunan cərimələrdən bilir ki, kimsə bu maşını sürüb. O kimsəni tapıb cərimələri onun adına yönləndirmək lazımdır. Qanunla da vəfat edən şəxsin adına tərtib olunmuş cərimələrə xitam verilməlidir. Əgər vəfat etdiyi günə qədər cərimə varsa, hüquqi cəhətdən xitam verilməlidir. Çünki bu, ölən şəxsin törətdiyi xətalardır. Amma ondan sonrakı dövrdə ailə üzvlərindən kimsə götürüb maşın sürür və xətalar da törədir ki, cərimələr onsuzda bizim adımıza yox, rəhmətə gedən şəxsin adına gəlir. Qanunvericilikdə bu məsələni həll etmək lazımdır".

Nuranə Tofiqli

Vumart və Güvən reklamı Vumart Güvən