Təcili tibbi yardım niyə gecikir? - AÇIQLAMA
Son günlər Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır. Təəssüflər olsun ki, belə bir vəziyyətdə Bakıda təcili tibbi yardım çağırışlarının əksəriyyəti xeyli gecikir. Hətta bəzi hallarda təcili tibbi yardım maşınlarıın hamısının məşğul olduğu bildiririlir və çağırış qəbul olunmur. Heç uzağa getməyək, elə redaksiyamızın əməkdaşı bu günlərdə təcili yardımı 4 saat gözləməli olub.
Bəs görəsən bu gecikmələrin səbəbi nə ilə bağlıdır?
Redaktor.az-ın bu sualını cavablandıran Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev iddia etdi ki, təcili tibbi yardım gecikmir.
"Təcili yardımın öz funksiya və vəzifələri var. Biz bu vəzifələri icra edirik. Çağırışlar tərəfimizdən çeşidlənir. Hər çağırış təcili yardım çağırış olmaya bilir”, - deyən baş həkim bu məsələ ilə bağlı daha ətraflı Səhiyyə Nazirliyi ilə əlaqə saxlamağımızı tövsiyə etdi.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı isə sorğumuzu qəbul etsə də, gün ərzində sualımız cavablandırılmadı.
Şəbnəm Mehdizadə












