Niyə vətəndaş öz problemini ekrandan səsləndirmək məcburiyyətində qalır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanda bir qadın canlı efirdə cinayət törətdiyini etiraf edib. Belə ki, Ağcabədi şəhər sakini Əfsanə Cəfərova ARB televiziya kanalının “Səni axtarıram” adlı verilişində qayınanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olmasını etiraf edib.
Diqqət çəkən məqam odur ki, indiyə qədər heç bir hüquq-mühafizə orqanı bu məsələni araşdırmayıb. Yəni bu xanım efirdə etiraf etməsəydi, yəqin ki, cinayətin üstü heç vaxt araşdırılmayacaqdı.
Təəssüf ki, insanlar artıq öz dərdini aidiyyatı qurumlara yox, televiziya kanallarına deyir. Bəziləri hətta bu verilişləri son ümid yeri kimi görür. Bəs görəsən bunun səbəbi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bu sahədə böyük boşluq var:
“Bu barədə dəfələrlə müzakirələr aparmışıq. Mətbuatda da bu haqda çox yazılıb. Bölgələrin iqtisadi inkişafı ilə bağlı müxtəlif yol xəritələri, fəaliyyət proqramları hazırlayıb həyata keçiririk. Lakin sosial sahədə də çox ciddi işlər görülməlidir. Bu istiqamətdə ciddi proqramlar işləyib həyata keçirməliyik. Çünki çox ciddi boşluqlar var. Cəmiyyət 20 il əvvəlki cəmiyyət deyil. İndi cəmiyyətimiz xeyli mürəkkəbləşib. Psixoloji sarsıntı və travma alanların sayı xeyli çoxalıb. İndi biz sosial sahədə problemlərin həllinə daha həssas yanaşmalıyıq. Lakin bunu etmirik. Nəticədə insanlar problemlərin həlli üçün efirə üz tutur. Niyə görə vətəndaş öz problemini ekrandan səsləndirmək məcburiyyətində qalır?”

Sosioloq bildirib ki, bu cür pərakəndəlik əhalini sonrakı davranışına da çox pis təsir edir:
“İndi cəmiyyətdə cinayət halları adiləşib. Bunun qarşısını almaq üçün təcili şəkildə humanitar siyasətimiz dəyişməlidir. Artıq bu şəkildə irəliyə gedə bilmərik və heç bir yol yoxdur. Necə deyərlər, bıçağın sümüyə dirəndiyi həddə gəlib çatmışıq. Cəmiyyətimizdə ilbəil xoşagəlməz halların sayı artır. Məsələn kiçik araşdırma aparsaq görərik ki, beş il bundan əvvəl baş verməyən hadisələr artıq indi baş verir. Bütün bunlar o deməkdir ki, inkişaf arzuolunan istiqamətdə getmir. Ona görə də hökmən elmi əsaslarla fəaliyyət proqramları hazırlanmalıdır. Əgər humaitar siyasətimiz dəyişməzsə, vəziyyət daha da pisləşəcək. Min illərdir təbliğ olunan mənəvi dəyərlər öndə olanda, cəmiyyət özünü ahəngdar şəkildə tənzimləyir. Mənəvi dəyərlər sıxışdırılaraq ikinci plana keçəndə, qarşıdurmalar, gərginliklər, cinayət halları artır. Elə bir sosial siyasət aparmalıyıq ki, cəmiyyətdə mənəvi dəyərlərə daha çox üstünlük verilsin”.
Şəbnəm Mehdizadə












