"Azərbaycanda 700-800 min insan pensiya hüququ əldə etmək imkanından məhrum edildi" - AÇIQLAMA

 13:37 05.02.2022     5337

Xəbər verdiyimiz kimi, Azərbaycanda 2022-ci il üzrə pensiya kapitalının minimum məbləği artıb. Belə ki, hazırda minimum pensiya kapitalı yanvar ayının 1-dən 34 560 manat təşkil edir. Bundan əvvəl həmin məbləğ 28 800 manat idi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, pensiya yaşına çatmış şəxs pensiya hüququna malik olması üçün ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına, bu olmadıqda azı 25 il sığorta stajına malik olmalıdır:

"Əmək pensiyasının minimum məbləğindən (hazırda 240 manatdır) az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı həmin məbləğin 144-ə vurulması ilə müəyyən olunur. Əgər həmin qədər pensiya kapitalı yoxdursa, o zaman azı 25 il sığorta stajı olsa yenə pensiya təyin olunur. Bununla belə, pensiya sistemində humanist yanaşma tətbiq olunmaqla, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə avtomatik olaraq 25 il sosial sığorta stajı hədiyyə edilir və əmək pensiyası hüququ verilir".

Bəs bu qərar insanların pensiya kapitalını toplamasına çətinlik yaratmayacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirdi ki, yeni qərar bir çox insanın pensiya hüququnu məhdudlaşdırdı:

“İnsanların müəyyən bir qismi gözləmədə idi. Əhali gözləyirdi ki, onun pensiya kapitalı 28800 manatı keçəcək və pensiya hüququ yaranacaq. Bu insanların pensiyaya çıxmaq hüququ məhdudlaşdı. Yəni belə demək olarsa, artıq bir qisim insan yeni qərarın zərəri ilə üzləşdi. Gələcəkdə də bu istiqamətdə müəyyən çətinliklər yaranacaq. Çünki burda 25 il orta əmək haqqı ilə çalışanlar üçün nəzərdə tutulmuş səviyyədə maaş alanların minimum kapitalı toplamaq imkanı yaranır. Bu da o deməkdir ki, əmək bazarında minimum əmək haqqı ilə çalışan 700-800 min insan pensiya hüququ əldə etmək imkanından məhrum edildi. Bu mexanizmin nöqsanıdır. Bir qisim şəxslər pensiya kapitalının artmasına sevinirsə, digər bir sosial qrup isə minimum pensiya səviyyəsinin artmasından zərərlə üzləşir. Yəni yeni qərardan xeyir görənlərin sayı təxminən 44 min insandırsa, zərər görən şəxslərin sayı isə bundan qat-qat çoxdur”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən