Referans Klinikasının “Omikron” fırıldağı

 14:49 12.02.2022     4463

Bu gün dünyanı cənginə alan koronavirus böyük narahatlıq yaratsa da, bəziləri bunu fürsət bilib möhtəkirliklə məşğuldurlar. COVİD-19 məsələsi həssas olduğundan bəzən bu virusa yoluxanların panikaya düşməsindən istifadə edənlər tapılır. Daha çox özəl klinikalar bundan yararlanırlar. COVİD-19 testini verənlərdən əlavə olaraq "Omikron"a görə də pul alırlar.

Elə Bakı sakini Pərvin Cəfərova da belə halla üzləşib. Səhhətində problemlər yaranan Pərvin xanım koronavirusun simptomlarından şübhələnib və evdə testin götürülməsi üçün Referans Klinik Laboratoriya Mərkəzinə müraciət edib. Ondan testi götürməyə gələn tibb bacısı əlavə “Omikron” üçün 15 manat pul tələb edib. Bunu da onunla əsaslandırıb ki, COVİD-19 neqativ çıxsa da, “Omikron” pozitiv çıxa bilər:

“Mən test götürməyə gələn tibb bacısına dedim, axı, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə əhaliyə çağırış etdi ki,  bunların müalicəsi eynidir, ikinci testə ehtiyac yoxdur...

Dedi ki, o zaman klinikanın qəbul şöbəsi ilə əlaqə saxlayın. Mən zəng edib qəbuldakı xanımla danışdım. O da dedi ki, bizim tibb bacısı sizə necə deyibsə elədir. Bu xanımdan da dəfələrlə soruşdum ki, koronavirus testinin nəticəsi neqativ olduğu halda "Omikron" testi pozitiv çıxa bilərmi, dedi, bu mümkündür”.

Məsələyə aydınlıq gətirmək üçün ilk müraciət etdiyimiz ünvan TƏBİB oldu.

TƏBİB-in mətbuat katibi Elnarə Baxışova özəl klinikalarla bağlı bütün məsələlərə Səhiyyə Nazirliyinin cavab vermək səlahiyyətinin olduğunu dedi.

“Bu nə deməkdir axı, “Omikron” da COVİD-19-dur da. İnsanları nə hesab edirlər? Test məsələsi ilə bağlı onu deyə bilərəm ki, son günlər bəzi özəl klinikalarda COVİD-19 testi üçün müraciət edən vətəndaşlara iki test götürülməsi təklif olunması barədə bizə də məlumatlar gəlirdi. Özəl laboratoriya əməkdaşları 1-ci testin vətəndaşın COVİD-19 infeksiyasına yoluxub-yoluxmamasını, 2-ci testin isə aşkarlanan virusun SARS-CoV-2 21K, yəni “Omikron” variantı olub-olmamasını müəyyənləşdirmək üçün vacib olduğunu bildirirlər. Nəticədə müraciət edən şəxs əlavə test müayinəsinin ödənişini etməli olur. Ona görə də Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumat yayıb ki, koronavirusun bütün ştamlarının müalicəsi eynidir. Həqiqətən də, koronavirus testindən keçmək istəyənlərdən “Omikron”a görə əlavə pul tələb edilməsi yolverilməzdir”,- E.Baxışova söylədi.

Bu arada qeyd edək ki,  fevralın 1-də Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumat yayıb koronavirusun müalicəsi üçün mutasiyalarından asılı olmayaraq eyni metodlardan istifadə edilməsi, həmçinin təklif edilən ikinci testin təyin olunacaq müalicə üçün heç bir diaqnostik və kliniki əhəmiyyət daşımaması səbəbindən 2-ci testə ehtiyac olmaması barədə insanları xəbərdar ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyevlə də əlaqə saxladıq. Özəl klinikalara lisenziyanın artıq İqtisadiyyat Nazirliyinin verdiyini deyən E.Hacıyev bildirdi ki, özəl kliniklara nəzarəti Səhiyyə Nazirliyi etmir:

“Əgər hansısa nöqsanlar varsa, bu barədə vətəndaşlarımız hüquq-mühafizə orqanlarına məlumat versinlər.”

Daha sonra sözügedən məsələyə toxunan E.Hacıyev bu barədə nazirliyin əhaliyə müraciət etdiyini əlavə etdi:

“Biz Səhiyyə Nazirliyi olaraq öhdəmizə düşən işi səlahiyyətimiz daxilində etmişik”.

Mövzu barədə Referans Klinik Laboratoriya Mərkəzindən doğru-dürüst cavab öyrənə bilmədik. Əvvəlcə, klinikanın mətbuat katibi Samir Şirvanzadə ilə əlaqə saxladıq. Müxbirimizlə söhbətində mətbuat katibi ümumi sözlərlə cavab verməkdən yayındı və sonra bizə klinikanın baş həkiminin müavini Xoşqədəm Əliyevanın cavablandıracağını söylədi.

Xoşqədəm xanım da əvvəlcə bizə koronavirusun laboratoriyada yoxlanılması barədə “mühazirə oxumağa” çalışdı. Guya ki, “Omikron”u yoxlamaq üçün əlavə testə ehtiyac varmış, filan... Biz fevralın 1-də Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumatını ona xatırladanda isə səsini diktafonla yazmağımızı bəhanə edib telefonu söndürüb, ümumiyyətlə cavab vermədi.

Daha sonra vətəndaşın şikayəti barədə açıqlama almaq üçün Referans Klinik Laboratoriya Mərkəzinəə rəsmən sorğu da göndərdik və nəticəsini öyrənmək üçün Samir Şirvanzadə ilə bir daha əlaqə saxladıq.  Aldığımız cavab qısa oldu:  “Mən sizin sorğunu rəhbərliyə çatdırdım, cavab vermək istəmirlər”.

Sonda vətəndaşlarımızın nəzərinə bir daha çatdırmağı özümüzə borc bilirik ki, “Omikron” “Covid 19”un bir ştammıdır, onun üçün əlavə testə ehtiyac yoxdur. Bunu isə biz demirik, Səhiyyə Nazirliyi, TƏBİB  və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi deyir...

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən