Bakıda polis səhərlər bu yolu niyə bağlayır? - AÇIQLAMA
Son zamanlar işə gələrkən tez-tez eşitdiyimiz cümlələrdən biri “Polislər yolu bağlamışdı” olur. Bu sözləri deyən şəxslərin işə gecikdiyinin şahidi oluruq. Paytaxt sakinlərindən də Bayraq Meydanından Azneft dairəsinə qədər yolun bəzi həftələr şənbə və bazar günləri istisna olmaqla hər gün səhərlər bağlı olduğunu eşidirik. Bəzi müəssisələrdə gecikmə böyük xəta kimi cəzalandırılmasa da, bir çox müəssisələr var ki, müəyyən tədbirlər görür. 1 dəqiqə belə gecikən işçiyə izahat yazdırmaq, maaşından tutulmalar və s. kimi cəzalar tətbiq edilir. Bu səbəbdən yolların tez-tez və daha çox müddədə bağlanması vətəndaşlarda haqlı narazılıqlara yol açır.
Biz də bu mövzunu araşdırdıq və öyrənmək istədik ki, hər gün Bayıl-Azneft dairəsi istiqamətində yolun səhərlər yarım saat, bəzən hətta daha çox bağlı olmasına, insanların tıxacda qalmasına, gecikmələrinə səbəb olan nədir?
Redaktor.az-ın sualını cavablandıran Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyir ki, qeyd olunan ərazidə "sıxlığın" yaranmasının bir neçə səbəbi var:
“Hər gün bağlı deyil. Əgər hər gün baş verirsə, mən təəssüf edirəm. Bayraq Meydanından Azneft istiqamətində avtomobillərin 6 hərəkət zolağı olduğu halda, məhz Azneft dairəsinə çatarkən, həmin zolaq 2 və ya 3 hərəkət zolağına çevrilir. Təbii ki, bu da sıxlığın yaranmasına səbəb olur. Orada hərəkətin tənzimlənməsi ilə bağlı işıqfor da var. Bu da istər-istəməz hərəkətlə bağlı ləngimələr yarada bilər. Həmin ərazidə hətta avtobus zolağı da var. Əgər avtobus zolağı da varsa, o zolağa da daxil olmaq olmazsa, kim də daxil olur cərimələnirsə, təbii ki, tıxac olacaq”.
Polkovnik bildirdi ki, polis yolu bağlamır, hərəkəti tənzimləyir:
“Bu vətəndaşların düşüncəsidir ki, polis yolu bağlayır. Mən bu cür səslənmənin əleyhinəyəm. Biri var hərəkəti tənzimləmək, biri də var yolu bağlamaq. Bizim polis olaraq funksional vəzifəmiz hərəkəti tənzimləməkdir. Bu ərazilərdə polis əməkdaşı xidmət edir və keçmə növbəsini təmin edir. Sözsüz ki, bu narazılıq yarada bilər. Amma həmin ərazidə polis durub hərəkətin keçmə növbəliliyini tənzimləməsə, nəqliyyat vasitələrinin həmin istiqamətdə hərəkət edərkən tərpənməz vəziyyətdə saatlarla qalma ehtimalı ola bilər. Ona görə bir mərkəzdən kameraların köməyi ilə baxılır, göstəriş verilir və ona da uyğun yol polisləri xidmət aparır. Bunu da polis yolu bağlayır kimi qiymətləndirmək lazım deyil. Yol polisləri həmin ərazidə xidmət aparır, avtomobillərin keçmə növbəliliyini təmin edir ki, onların hərəkət etdiyi istiqamətdə nəqliyyat vasitələri saatlarla dayanıb tıxaca düşməsin”.
Vaqif Əsədovun sözlərinə görə, Bakı kimi meqapolis şəhərlərdə pik saatlarda tıxac, sıxlıq olması normaldır:
“Nəqliyyat sıxlığı heç kimə ağır gəlməsin. Çünki 1 milyon 600 min nəqliyyat vasitəsi var. Bunun 72 faizi Bakı şəhərindədir. 8 nəfərdən birinin 1 avtomobili var. Bu yaranan süni sıxlığın səbəbi də maşınların, sürücülərin sayı, bütün nazirliklər, təhsil ocaqlarının Bakı şəhərində yerləşməsidir. Bunu da təbii qəbul etmək lazımdır. İnkişaf etmiş ölkələrə - İstanbul, Moskva və digər yerlərə baxın. Bütün paytaxtlarda, meqapolislərdə pik saatlarda belə tıxaclar olur”.
Zərif ÜLVİQIZI












