“Karantin rejimini sonlandırmalı və adi həyatımıza qayıtmalıyıq” - Komitə sədri

 15:05 30.03.2022     2605

Azərbaycanda son həftələrdə koronavirusa (COVİD-19) yoluxma sayında kəskin azalma müşahidə olunur.

Belə ki, gündəlik yoluxanların sayı 50-dən aşağıdır. Hətta yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılmışdır. Bundan başqa, bölgələrdə və Bakıda COVID-19-la mübarizəyə cəlb edilmiş bəzi xəstəxanalarda ənənəvi xidmət bərpa edilib.

Bununla belə, ölkəmizdə koronavirusla bağlı bəzi məhdudiyyətlər hələ də qalmaqdadır. Müəyyən olunmuş yerlərdə COVİD-19 pasportu tələbi, qapalı yerlərdə maska taxmaq məcburiyyəti, quru sərhədlərinin bağlı olması, bunlar hələ də vətəndaşlarımızı narahat edən məsələlərdəndir.

Bəs, karantin rejimi Azərbaycanda nə zaman ləğv ediləcək?

Bu sualla Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etsək də, sorğumuza cavab ala bilmədik.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirdi ki, bu məsələ Operativ Qərargahın səlahiyyətində olan bir məsələdir:

“Amma məntiq onu deyir ki, yavaş-yavaş yumşaltmaya getmək və karantini ləğv etmək imkanları var. Amma Azərbaycan burada özü təkbaşına, müstəqil bir addımlar atmalı deyil. Dünya praktikasını və başqa ölkələri izləməliyik. Çünki bu bir pandemiyadır. Yəni tək bir dövlətin problemi deyil. Ona görə də karantin rejimini sonlandırmaqdan ötrü dünyanın atdığı addımları da ölçüb-biçməliyik”.  

Deputat bildirdi ki, yaxın günlərdə vəziyyətin aydınlaşması gözlənilir:

“Ölkə daxilində müəyyən məhdudiyyətlər aradan qaldırılıb. Çox az sayda məhdudiyyət qalıb. Mən hesab edirəm ki, yaxın vaxtlarda maska rejimini saxlamaqla qalan  bütün məhdudiyyətləri aradan qaldıra bilərik. Amma vaksinasiyanı davam etdirməliyik. Çünki nə qədər çox vaksinasiya olunmuş, immunitet qazanmış insan olacaqsa, o qədər də epidemiyanı tez aradan qaldıra biləcəyik. Arzu edək ki, koronavirusun yeni bir mutasiyası ortaya çıxmasın. Amma hələlik görünür ki, belə bir mutasiya olmayacaq. Hələ belə bir məlumat yoxdur. Hesab edirəm ki, yavaş-yavaş karantin rejimini sonlandırmalı və adi həyatımıza qayıtmalıyıq. Gedişat da onu göstərir ki, biz yəqin ki, yavaş-yavaş epidemiyanı sonlandıra biləcəyik. Hesab edirəm aprel ayının axırlarına yaxın bütün şərait aydınlaşar”.  

Musa Quliyev quru sərhədlərinin açılması məsələsinə də toxundu.

“Bu məsələdə ikitərəfli qaydada ölkələr qərar verməlidir. Bir ölkənin sərhəddinin açılması problemin həll olunması deyil. Bizlə qonşu olan ölkələrdəki epidemioloji situasiya bizdəki kimi olacaqsa, əlbəttə quru sərhədlərinin də açılmasından söhbət gedə bilər. Həmçinin nəzərə almalıyıq ki, qarşıdan turizm sezonu gəlir”, - deyə komitə sədri bildirdi.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən