Ayaz Mütəllibovun eks-prezident təqaüdü kimə veriləcək?

 14:00 02.04.2022     6495

Məlum olduğu kimi, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov martın 27-də 84 yaşında vəfat edib.

Qeyd edək ki, Azərbaycan qanunlarına görə keçmiş prezidentlər üçün təqaüd mövcuddur. Bəs Ayaz Mütəllibovun vəfatından sonra bu müavinət onun ailəsindən kimə veriləcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən hüquqşünas Əlövsət Allahverdiyev bildirdi ki, bu təqaüd Ayaz Mütəllibovun ailəsinə verilə bilməz. 

“Azərbaycan Respublikasının keçmiş prezidenti və onun ailə üzvlərinin təminatı haqqında konstitusiya qanununda konkret göstərilir ki, eks prezident sağdırsa, Azərbaycan Respublikası prezidentinin aldığı müavinət 50 faizini ala bilər. Əgər rəhmətə gedibsə, onun həyat yoldaşına bu müavinətin 50 faizi verilə bilər. Hesab edin ki, əgər ölkə prezidenti 20 min manat əmək haqqı alırsa, sağ olan eks prezident onun 50 faizi, yəni 10 min manat alacaq. Əgər dünyasını dəyişirsə, həyat yoldaşı eks prezidentin aldığının 50 faizini, yəni 10 minin yarısını alacaq. Həyat yoldaşı yoxdursa, 18 yaşınadək olan uşaqlar bu müavinatı ala bilərlər. 18 yaşını bitirmiş uşaqlar o halda ala bilərlər ki, onlar ali təhsil alırlar. Ali təhsil alana qədər bu davam edə bilər. Birinci qrup əlilliyi olan uşaqlar da bu müavinatı ala bilər. Ayaz Mütəllibovun da həm xanımı, həm oğlu dünyasını dəyişib, yəni  kiçik yaşda yetkinlik yaşına çatmayan oğlu, övladı yoxdur. Bu halda təbii ki, ailə üzvlərinə bu şamil olunmayacaq”, - deyə hüquqşünas bildirdi.

Zərif ÜLVİQIZI