“Özlərinin evi var deyə, evsiz zabitlərin problemlərini anlamaq istəmirlər" - Hərbi ekspertdən TƏKLİF
Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası” təsdiq edilib.
Dövlət başçısının imzaladığı fərman Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasını müəyyən edir. Həmin mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışa çıxarılacaq. Satışdan əldə olunan gəlirlər şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulur.
Bəs, bu binalardan illərdir ev növbəsində duran hərbçilərə də mənzil verilə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bölüşən hərbi ekspert, polkovnik Üzeyir Cəfərov hesab edir ki, həmin binalardan hərbçilərə də ev vermək lazmıdır.
“Mən hesab edirəm ki, bunu etmək lazımdır. Hərbçilərlə bağlı ev məsələsində işlər çox ləng gedir. Bu minvalla bəzi hərbçilər ev gözləyə-gözləyə hətta dünyasını dəyişib. Mən hesab edirəm ki, bu məsələni qısa müddətdə həll etmək lazımdır. Əgər dövlət büdcəsindən hərbçilərə kirayə pulu verilirsə, mən bunu anlaya bilmirəm. O mənada anlaya bilmirəm ki, elə o pulla dövlət büdcəsindən hərbi qulluqçulara ev ayrılsın. O evin əvəzinə yavaş-yavaş dövlət büdcəsindən ödəniş həyata keçirilsin”.
Ekspertin fikrincə, əgər bu binalardan hərbi qulluqçulara ev verilsə, hərbi qulluqçuların mənzil problemi həllini tapar:
“Təəssüflər olsun ki, bu məsələlərlə ciddi məşğul olanlar yoxdur. Yuxarı vəzifəlilər, imkanlı olan şəxslərin çoxdan evi də, eşiyi də var. Ona görə onlar evsiz zabitlərin problemlərini o qədər də dərindən anlamaq istəmirlər, anlamırlar. Ona görə belə anlaşılmazlıq yaranır. Mən də onun tərəfdarıyam ki, evlər qısa bir müddətdə hərbi qulluqçulara verilsə, xeyli hərbi qulluqçunun mənzil-məişət şəraiti həll edilmiş olar”.
Üzeyir Cəfərovun sözlərinə görə, əvvəldən verilən mənzillər düzgün bölünsəydi belə problemlər olmazdı:
“Bir şeyi də qeyd edim ki, mən keçmiş sovetlər dönəmindən Azərbaycanda olan mənzil fondu, torpaq sahəsi ilə yaxından tanış olduğuma, bildiyimə görə hansı mənzillər ki, bizdə var idi, o mənzillər doğru-düzgün bölüşdürülsəydi, indi çox az sayda hərbi qulluqçu mənzilsiz olardı və yaxud da növbələr bu qədər böyük olmazdı. Amma təəssüflər olsun ki, bu məsələlər o qədər də şəffaf və ciddi həyata keçirilmədiyinə görə bu cür problemlər yarandı”.
Polkovnik hesab edir ki, Vətən müdafiəçisini evlə təmin etmək dövlətin borcudur:
“Mən onun tərəfdarıyam. Bu məsələni həll etmək lazımdır ki, Vətən müdafiəçisinin hər hansı bir problemi, çətinliyi olmasın. Bu problemlər olduqca insanlarda bir bədgümanlıq yaradır. Tərəfdarıyam və hesab edirəm ki, mənzili satmaq yerinə hərbiçilərə versinlər. Hərbiçilərə ayrılan kirayə pulları da elə dövlətin öz büdcəsində qalsın. Dövlətin əsas vəzifələrindən biri də odur ki, öz müdafiəçilərinin mənzil-məişət şəraitini yaxşılaşdırsın. Verəcəklər, ya verməyəcəklər deyə bilmərəm. Amma əslinə qalsa, verməlidirlər. Bu dövlətin öz vətəndaşı, öz xidmətçiləri qarşısında borclarından biridir ki, o borc da ödənilməli və verilməlidir”.
Zərif ÜLVİQIZI












