"Pensiya yaşı kişilər üçün 2, qadınlar üçünsə 3-4 il aşağı salınmalıdır" - Deputatdan TƏKLİF

 13:49 25.04.2022     88617

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “ARB 24”də yayımlanan “Nə baş verir?” verilişində bildirib ki, yaxın gələcəkdə insanlarımızın orta ömür müddəti artacaq. Bu səbəbdən də deputat hesab edir ki, pensiya yaşının azaldılmasına gərək yoxdur və praktika da bunu göstərir. “Dünyada insanların orta ömür müddəti artır. Azərbaycanda da orta ömür müddəti 77 yaş üzərindədir”, - deyə komitə sədri bildirib.

Azərbaycanda insanlar həqiqətənmi uzunömürlüdür? Pensiya yaşının azaldılmasına doğrudanmı ehtiyac yoxdur?

Mövzu barədə Redaktor.az-a danışan Milli Məclisin deputatı Razi Nurullayev hesab edir ki, pensiya yaşının indiki şəraitdə artırılması qəbuledilməzdir:

“Hərçənd ki, mən Musa müəllimin fikirlərinə hörmət etməklə yanaşı fərqli fikirə malik olduğumu bildirmək istəyirəm. Pensiya yaşının indiki şəraitdə artırılması və yaxud indiki səviyyədə qalması mənim üçün ona görə qəbul edilməzdir ki, biz insanlarımıza hələ ki, uzun, xəstəliksiz, ləyaqətli yaşamaq üçün sosial həyatı bəxş edə bilməmişik. Əgər biz onlara yüksək pensiya, sığortalı iş və bütün xəstəliklərdən sığorta, müalicə təmin edə, təqdim edə bilsəydik, o zaman bununla razılaşardım”.

Deputatın sözlərinə görə, hazırda insanların əksəriyyəti pensiya yaşını görmədən vəfat edir:

“Amma mən əvvəl də dediyim kimi, bu gün də o sözümü təkrar etmək istəyirəm ki, Azərbaycandakı qəbristanlıqlarda monitorinq aparmışam və o manitorinq nəticəsində mənə aydın olub ki, orada basdırılan, dəfn olunan insanların xeyli hissəsi, hardasa 55-60 faizi heç pensiya yaşına çatmadan dünyasını dəyişib. Bunu haqsızlıq sayıram ki, bu insanlar pensiya yaşına çatmadan həyatını dəyişib və pensiyasını ala bilməyib.

Hətta mən təklif edirəm ki, insan xidmət göstərir və pensiyasını almadan dünyasını dəyişirsə, onun övladlarına 18 yaşına kimi yox, hətta daha çox - 25 yaşına qədər onun pensiyası verilməlidir. Səbəb də budur ki, həmin insanların 18 yaşına çatmayan övladları ya məktəbə girə, ya işlə təmin oluna bilməyir və uşaq yaşından həyatı cəhənnəmə çevrilir. Biz də onlara 18 yaşından sonra yaxşı, pulsuz təhsil verə, işlə təminatını yarada bilsək, o zaman razılaşardım. Amma bunu edə bilmirik. Edə bilmədiyimizə də görə, hətta onların yaş həddinin 25 yaşa çatdırılmasına ehtiyac var”.

Millət vəkili sonda bildirdi ki, pensiya yaşının bir neçə il azaldılmasına ehtiyac var:

“Bütün bunları qısa olaraq xülasə şəklində demək istəyirəm ki, biz insanlara ləyaqətli iş, ləyaqətli həyat, ləyaqətli yaşayışa bəs edəcək qədər pensiya verə bilmədiyimizə görə, pensiya yaşının artırılmasına ehtiyac yoxdur. İndiki pensiya yaşının isə ən azından kişilər üçün 2 il, qadınlar üçün isə 3-4 il aşağı salınmasına ehtiyac görürəm”.

Zərif Ülviqızı