“Rusiyada 4 uşağı olan analara ev verilir” - Deputatdan qadınlarla bağlı TƏKLİF

Milli Məclisin plenar iclasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Redaktor.az xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev qanun layihəsinin müzakirəsi zamanı öz fikirlərini bölüşüb.
Millət vəkili dəyişikliklərin vətəndaşların vəziyyətini yaxşılaşdıracağı fikri ilə razılaşmadığını diqqətə çatdırıb: ”Yeni dəyişikliklərlə 10 uşaq anası olan vətəndaşa əvvəlki dövrlə müqayisədə daha az güzəştlər ediləcək”.
Millət vəkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iclasa qatılan əməkdaşlarına sualla müraciət edib: “Qanuna əsasən, 10 uşağı olsa belə qadınların pensiya yaşına 5 il güzəşt olunur. Xahiş edirəm aydınlıq gətirsinlər, bu dəyişikliyi etməklə nə qədər vəsaitə qənaət edəcəklər ki, çoxuşaqlı anaların pensiya yaşından tez pensiyaya çıxmasını bu cür əngəlləyirlər?”.
Millət vəkili bildirib ki, Azərbaycanda əmək pensiyası yaşını Avropa ölkələri ilə müqayisə edirlər: “Avropa ölkələrinin böyük qismində pensiya yaşı bizdən aşağıdır. Bizimlə eyni olanlarda isə orta ömrün uzunluğu 83 ildir. Bunu nəzərə almaq vacibdir. Pensiyanın minimal həddi 240 manatdır ki, bu da azdır. Bu məbləği artırmaq lazımdır”.
Millət vəkili Rusiyada 4 uşağı olan analara ev verildiyinə də diqqət çəkib və bildirib ki, qadınların pensiya yaşı azaldılmalıdır ki, gənc qadınlar üçün də iş imkanı yaransın.