“Palmali” Cəbrayıl Dövlətzadənin adını daşıyan tankeri yola saldı

 22:54 06.05.2022     348

“Palmali” Şirkətlər Qrupunun Prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəvəti ilə Vətən müharibəsinin şəhidi Cəbrayıl Dövlət oğlu Dövlətzadənin anası Məleykə Məmmədzadə və bacısı Məryəm Dövlətzadə İstanbulda səfərdədirlər.

Redaktor.az xəbər verir ki, “Palmalı Holding”in rəhbəri şəhid ailəsinin üzvlərini hörmət və ehtiramla qarşılayıb.

Mübariz Mənsimov daha sonra şəhid Cəbrayıl Dövlətzadənin adına olan gəminin medalyonlarını anası Məleykə Məmmədzadəyə təqdim edib. Görüş zamanı şəhidin igidliyindən, onun həyatı və döyüş yolu barədə ətraflı məlumat verən Məleykə xanım Mübariz Mənsimova göstərdiyi diqqətə görə dərin təşəkkürünü bildirib.

“Duyğularımı necə ifadə edim, bilmirəm. Mübariz bəyin səsini eşidəndə çox təsirləndim, göz yaşlarımı saxlaya bilmədim. Həm oğlumun adını əbədiləşdirildiyi üçün, həm də bizi dəyərləndirdiyi üçün çox duyğulandım. Oğlumun adı əbədi yaşayacaq. Bir ana üçün bunu bilmək və görmək çox gözəldir. Mənim üçün qürurvericidir. Şəhidlərimizin yeri cənnətdir. Allah Mübariz kimi oğulları qorusun”, – deyə şəhid anası Məleykə Məmmədzadə bildirdib.

“Palmali” şirkətinin prezidenti Mübariz Mənsimov isə vurğulayıb ki, şəhidlərimizin adlarını əbədiləşdirmək üçün hamı səfərbər olmalıdır:

“Şəhidlər unudulmamalı, unutdurulmamalıdır. Onların bizə buraxdıqları əmanətləri göz bənəyi kimi qorumalı və hər bir dəstəyi verməliyik. Gəminin bir otağında şəhidimizin adına guşə düzəldilib. Gəmiyə gələn hər kəs Cəbrayıl Dövlətzadənin kim olduğunu bilməlidir”.

Bundan sonra Mübariz Mənsimov və şəhid ailəsinin üzvləri gəmini gəziblər və Cəbrayıl Dövlətzadənin guşəsi olan otağa baş çəkiblər.

Qeyd edək ki, guşədə şəhidin uşaqlıq illərindən döyüşlərdə olan dövrədək olan bütün fotolar yer alıb. Oğlunun şəkillərini görən şəhid anası və bacısı göz yaşlarını saxlaya bilməyiblər. Hər şəkillə bağlı xatirələrini paylaşan Məleykə xanım Mübariz Mənsimovla birlikdə kapitandan son bilgiləri alıb heyətə uğurlu yol arzulayıblar.

“Palmali”nin mülkiyyətində olan və “Spring Marine” şirkəti tərəfindən işlədilən kimyəvi maddələr daşıyan tanker təntənəli şəkildə dəniz sularına yola salınıb. 4 min tona yaxın daşıma qabiliyyətinə malik olan tankerin adını daşıdığı Vətən müharibəsinin şəhidi Cəbrayıl Dövlətzadə Dövlət oğlu 11 sentyabr 2001-ci il Sumqayıt şəhərində anadan olub.

27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Kəlbəcər istiqamətində Murov Dağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kəlbəcər istiqamətində Murov Dağın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərancamlarına əsasən, Cəbrayıl Dövlətzadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən Uğrunda” medalı və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.