"Qazilər üçün nəqliyyatı pulsuz etməyə ehtiyac yoxdur, onlara müavinət verilir” - Komitə sədri

 12:39 11.05.2022     3653

Nəqliyyat ekspertləri Qarabağ müharibəsi qazilərinin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi ilə bağlı təklif irəli sürüblər. Bu təklifi dəstəkləyən sosial şəbəkə istifadəçiləri isə hesab edirlər ki, Vətən yolunda döyüşmüş şəxslər üçün dövlət tərəfindən belə bir güzəştin tətbiq olunması təqdirəlayiq bir addım olardı.

Bəs, bu təklif qəbul oluna bilərmi?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Redaktor.az-a bildirdi ki, sovet dönəmində belə bir praktika mövcud olub.

“Müəyyən qrup kateqoriyadan insanlara müəyyən gözəşt və imtiyazlar verilirdi. Onlara xüsusi talonlar və yaxud da kitabçalar verilirdi ki, onun əsasında da ictimai nəqliyyatdan və digər xidmətlərdən də pulsuz istifadə edirdilər”.

Deputat hesab edir ki, yenidən əvvəlki qaydaları tətbiq etməyə ehtiyac yoxdur, çünki həmin şəxslərə dövlət müavinət ayırır:

“Amma biz 2000-ci ilin əvvəllərindən sosial müdafiənin ünvanlılıq prinsipinə keçmişik. İstər kommunal xərclər, istər nəqliyyat xərcləri, istər onların digər hansı güzəştləri var idisə, pul kompensasiyası ilə əvəz olunaraq onların pensiyalarına və müavinətlərinin üzərinə əlavə olunub. Yenidən geriyə dönməyə məncə ehtiyac yoxdur. Baxmaq olar. Əgər qiymətlərdə artımlar varsa, onların pensiya və müavinətlərinin artımları istiqamətində düşünmək daha doğru olar, nəinki geri, sovet dönəminə qayıdıb pulsuz xidmətlərdən istifadə etmək”. 

Zərif Ülviqızı