Vaqonlarda əlillər üçün yer ayrılıb, bəs metroya necə düşsünlər? - Metropolitendən AÇIQLAMA

 12:51 12.05.2022     3112

Bakıda əlilliyi olan şəxslərin şikayətlərindən biri də onların sərbəst şəkildə metrodan istifadə edə bilməməsidir.

Metroda qatarlarda əlil arabası üçün yer ayrılsa da, lakin onların metroya sərbəst daxil olması üçün şərait yoxdur.

Qeyd edək ki, Bakı Metropoliteni ərazisində yalnız sonradan istifadəyə verilən Bənövşəyi xətt üzrə stansilayalarda əlillərin metroya daxil olması üçün liftlər quraşdırılıb. 3 stansiya istisna olmaqla digər stansiyalarda əlillər üçün belə bir imkan yoxdur.

Hər zaman əlilliyi olan şəxslərin hamı ilə eyni hüquqlara malik olduğunu bildiririk. Bəs, həmin şəxslərin heç kimə ehtiyacı olmadan sərbəst şəkildə metrodan istifadə etməsi üçün niyə şərait yaradılmır? Metro stansiyalarında bu şəraitin olmamasına səbəb nədir?

Mövzu barədə Redaktor.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov dedi ki, qurğuları olmayan metrolar üçün layihə mövcuddur:

“2019-cu ilin mart ayından “Əlçatan metro” layihəsi var. Həmin layihə Avropada bizim metropoliten kimi lifti, xüsusi avtomatik qurğuları olamayan metropolitenlərdə tətbiq olunan sistemdir. Roma, Afina, Moskva, Sankt-Peterburq, Kiyev metrolarının hamsında var. Xüsusi texniki qurğular vasitəsilə, yəni pilləkən və liftlərlə əlil arabası stansiyaya endirilir”.

Mətbuat katibi bildirdi ki, sərnişin stansiyaya gəlməmişdən öncə xəbər verməlidir:

“Onlar müəyyən olunmuş mobil telefona (+994 50 268 00 65) zənglə, yaxud sms yazaraq sifariş verə bilərlər. Bu sifariş avtomatik olaraq qeydə alınır. 1 saatdan 24 saata qədər bu sifarişi vermək olar. 20 dəqiqə qalmış da rahatlıqla ləğv edə bilər, heç bir problem yoxdur. Sifarişi qəbul edən kimi onunla əlaqə saxlanılır, metropolitenə hansı stansiya, hansı girişində düşmək istəyir, orada yerin üstündə qarşılanır. Sonra texniki qurğular vasitəsilə pilləkənlər və eskalatorlardan stansiyanın platformasına endirilir və mənzil başına qədər də müşayiət olunur. Xəbər verməkdən başqa variant yoxdur. Bu, tək bizdə deyil, başqa metropolitenlərdə də var”.

Bəxtiyar Məmmədov qeyd etdi ki, stansiyalar sovet dövründən qaldığı üçün, yeniləmək mümkün deyil:

“Bakı Metropoliteninin sovet dövründə tikilmiş stansiyalarında ümumiyyətlə əlil arabası ilə sərnişinlərin metropolitendən istifadəsi ümumiyyətlə qadağan idi. O vaxt stansiyalar da məhz həmin prinsiplərə uyğun tikilmişdi. Problem burdadır. Həmin stansiyalarda liftlərin quraşdırılması isə hal hazırda mümkün deyil. İstər konstruktiv olaraq, istər texniki icrası baxımından bu araşdırılıb. Hal hazırda bunlar mümkün deyil. Bu səbəbdən yalnız yeni tikilən xətlərimizin stansiyalarında əlil arabası və digər az mobilli sərnişinlərimiz üçün liftlər quraşdırılır. Bənövşəyi xəttin 3 stansiyası istifadəyə verilib. Hər 3 stansiyasında da lift var. Hal hazırda B4 tikilir. Onun da layihəsində mütləq şəkildə nəzərdə tutulub. Bənövşəyi xətt üzrə nə qədər stansiya olacaq, hamısında liftlər nəzərdə tutulacaq”.    

Zərif Ülviqızı