Bakıdakı keçidlərdə eskalatorlar niyə işləmir? - RƏSMİ AÇIQLAMA

 16:12 12.05.2022     5973

Bakıda bəzi keçidlərdə eskalatorlar işləmir. Müşahidələrimizə əsasən deyə bilərik ki, Dövlət Bayrağı Meydanı ilə 49 saylı intellekt məktəb-lisey arasındakı və Bayıl dairəsindəki keçidlərdə eskalatorlar fəaliyyət göstərmir. “Qış parkı”nda isə illərdir keçidlərdə eskalatorların işləmədiyini görürük.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Redaktor.az-a bildirdi ki, təmsil etdiyi qurum “Qış parkı” ərazisinə nəzarət etmir:

“”Qış parkı”na biz baxmırıq. Ora park ərazisidir, parkinqdir”.

Dövlət Bayrağı Meydanı ilə Bayıl dairəsi yaxınlığındakı keçidlərdəki eskalatorların işləməməsinə gəlincə, mətbuat katibi bu problemdən xəbərsiz olduğunu bildirdi:

“Orada işləyir axı. Ola bilər ki, nəsə problem var, təmirə dayanıb".

Anar Nəcəfli qeyd etdi ki, yeraltı, yerüstü piyada keçidlərində mövcud olan eskalatorlar işlək mexanizmlərdir:

"Zaman-zaman onların hər hansı bir hissəsi sıradan çıxdığı üçün təmirə dayanır. Bizim xüsusi təmir briqadalarımız var ki, dərhal o əraziyə cəlb olunur. Əgər yerində təmir mümkündürsə, təmir olunur. Sex şəraitində təmiri vacibdirsə, həmin detal hissəsi çıxarılır və sexdə təmir işləri icra olunur. Yox, əgər yenisinin alınmasına ehtiyac varsa, xaricdən sifariş verilir. Çünki bizdə nə eskalatorun özü, nə də ehtiyat hissələri istehsal olunur.

Bu müddət ərzində də, sifariş verilib gətirilmə zamanı həmin eskalatorlar işlək vəziyyətdə olmaya bilər. Amma biz çalışırıq ki, minimal vaxt kəsiyində həmin eskalatorların dəyişdirilməsi ehtiyac olan hissələrin sifariş verilib gətirilməsi təmin olunsun”.

Zərif ÜLVİQIZI