"Azəriqaz" qazdan istifadə ilə bağlı texniki müayinə keçirəcək

 13:23 10.06.2022     1970

"Azəriqaz" İstehsalat Birliyi ildə bir dəfədən az olmayaraq noyabr ayının 1-nə qədər yaşayış mənzillərində və sənaye obyektlərində qazdan istifadə qaydalarına riayət olunmasını yoxlamaq üçün texniki müayinə keçirəcək.

Redaktor.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.

"Bu müayinənin də nəticələrinə uyğun olaraq tədbirlər görüləcək. Texniki müayinəni "Azəriqaz" İB həyata keçirəcək. Keçirlmiş müayinələrin keyfiyyətinə nəzarəti isə FHN və Energetika Nazirliyi həyata keçirəcək", - İ.Behbudov bildirib.

Şöbə rəisi hesab edir ki, payız-qış mövsümü başlayandan dəm qazından zəhərlənmələr artır: "Biz istərdik ki, yay mövsümündə insanlar buna görə müəyyən hazırlıq işləri görsünlər. Abonentlərə üzərlərinə düşən məsuliyyətlə bağlı məlumat verim ki, onlar payız-qış mövsümünə qədər hazırlıqlarını tamamlasınlar".

İ. Behbudov qeyd edib ki, qaz sayğacından başlayaraq mənzildə istifadə olunan qaz qurğuları, onların yerləşdiyi otaqlar, həmçinin tüstü bacalarının vəziyyəti yoxlanılacaq: "Eyni zamanda sayğaca müdaxilənin olub-olmadığı, mənzildaxili qaz xəttlərinin layihəyə uyğun çəkilib-çəkilməməsi, qaz sızmasının olub-olmamsı, qaz qurğularının otağın ölçüsünə uyğunluğu yoxlanılacaq.

Bundan əlavə vanna otaqları ilə bağlı tələblər də yoxlanılacaq. Çünki dəm qazından baş verən zəhərlənmələrin 95 faizdən çoxu vanna otaqlarında baş verir. Tüstü bacası olmayan yerlərdə qaz qurğusunun olması, qazanın işlək vəziyyətdə olmaması, vanna otağında havalandırma yoxlanılacaq. Baxışın sonunda akt tərtib olunacaq. Əgər qayda pozuntusu varsa, istər mənzilin, istərsə də obyektin sahibinə bu pozuntunun aradan qaldırılması üçün 1 ya vaxt veriləcək.

İnsan həyatına təhlükə törədə biləcək pozuntu varsa, "Azəriqaz" İB-nə təbii qaz təminatının dayandırılması səlahiyyəti var".