Xəzərdə suyun səviyyəsi azalır - RƏSMİ AÇIQLAMA

“Xəzər dənizi qapalı su hövzəsi olduğundan spesifik periodik səviyyə dəyişmələri baş verir. Burada başlıca amil hövzənin iqlimi ilə bağlıdır. Yəni ki, su balansı elementləri, yəni onu qidalandıran çaylar, əsas da suyun 80 faizinii gətirən Volqa çayı, həmçinin buxarlanmanın miqdarının artması, azalması, düşən yağıntının miqdarından asılı olaraq dəniz dibində baş verən tektonik hərəkətlərlə də bağlıdır”.
Bu sözləri Redaktor.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə Xəzər dənizində suyun səviyyəsinin azalmasının səbəbləri barədə danışarkən bildirdi.
Onun sözlərinə görə, mütəmadi olaraq dənizin səviyyəsi gah düşür, gah qalxır.
“Son 200 ildir ki, müşahidələr aparılır. Daima müxtəlif amplitudlarda bu dəyişmələr baş verir. Hal-hazırda səviyyənin düşmə prosesi gedir. Bu, müxtəlif sahillərdə müxtəlif cür özünü göstərir. Deyək ki, elə sahillər var ki, düzən sahillərdə suyun səviyyəsinin düşməsi müəyyən qədər suyun irəli getməsi ilə bağlıdırsa, başqa yerdə başqa cür olur. Məsələn, qərb sahilində - Azərbaycan sahilində suyun səviyyəsi 1 metr qalxanda elə yer vardı 10-15 metr içəri girirdi, amma Qazaxıstan sahilində düzən sahil olduğuna görə 10 metr irəli gedə bilər. Coğrafi nöqteyi nəzərən müxtəlif ola bilər”, - deyə Rasim Səttarzadə bildirdi.
Fəridə