Sığorta ödənişlərini nazirlik verəcək - RƏSMİ

 16:22 20.06.2022     456

Prezident İlham Əliyevin 18 iyun 2022-ci il tarixli Fərmanı dövlət icbari şəxsi sığorta sahəsində sığortaolunanların (hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və b.) rifahının yaxşılaşdırılması və daha etibarlı sosial müdafiəsinin təmin olunmasına xidmət edir.

Redaktor.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatında bildirilib.

Qeyd edilib ki, dövlət başçısının ötən ilin may ayında imzaladığı Fərmanla dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib:

"Həmin vaxta qədər dövlət icbari şəxsi sığorta üzrə sığorta hadisələrinə görə ödənişin verilməsi isə  Dövlət Sığorta Kommersiya Şirkətinin öhdəliyi kimi müəyyən olunmuşdu. Yeni Fərmanla bu sahədə dəyişiklik edilib.

Belə ki, Fərmanla dövlət icbari şəxsi sığorta olunanla bağlı sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dək olan dövrə aid olduqda sığorta ödənişini Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirəcək.

Sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədin tarixi 2021-ci ilin 1 yanvarından sonraya aid olduqda  isə sığorta ödənişini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondu verəcək.

Bu da dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində növbəti mühüm addım olmaqla, sığortaolunanların maraqlarının dolğun təminatına,  vətəndaş məmnunluğuna nail olunmasına imkan yaradır".

Rəsmi məluata görə, dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər bu ilin əvvəlindən Nazirliyə həvalə edildikdən sonra bu sahədə köklü islahatlar aparılır:

"İslahatlar həmin sahədə müasir, optimal və çevik idarəçiliyin, uçot sisteminin qurulması, inzibatçılığın təkmilləşdirilməsi, idarəçilik və xidmətlərin elektron infrastrukturunun yaradılması, sığorta ödənişlərinin e-qaydada, şəffaf və operativ təyinatı mexanizminin formalaşdırılması və s. kimi istiqamətləri əhatə edir.

Eyni zamanda, sığorta ehtiyatlarının effektiv idarə olunması və bu istiqamətdən əldə olunan gəlirlərin şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirlərinə yönəldilməsi islahatların prioritetlərindən biridir".