“MilliÖn”də “BakıKart” balansını niyə artırmaq olmur? - RƏSMİ AÇIQLAMA - FOTO

Sərnişinlərin “BakıKart”ın balansını avtobus dayanacaq məntəqəsindən kənarda artıra bilməsi üçün Bakı Nəqliyyat Agentliyi və “MilliÖn” şirkəti birgə əməkdaşlıq nümayiş etdirib.
Beləliklə, “Bakıkart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı artırılıb. Lakin paytaxtın Səbail rayonu, 20-ci sahə dairəsində yerləşən "Araz" və "Bravo" supermarketlərindəki ödəmə terminallarında avtobus kartlarının balansını artırmaq mümkün olmur.
Bu barədə həmin ərazidə yaşayan sakinlər saytımıza məlumat veriblər.
Onların sözlərinə görə, sözügedən marketlərdəki "MilliÖn" terminallarında əvvəllər "Bakıkart" balansını artıra bilirdilərsə, bir neçə həftədir ki, bu, mümkün deyil.
Belə ki, "MilliÖn"də yalnız "Sumqayıt Kart", "YolKart" və "ELYX" adlı kartların balansına pul yükləmək olar.
Məsələ ilə bağlı “MilliÖn” rəsmisi, marketinq kommunikasiyaları üzrə menecer Tural Kərimov Redaktor.az-a açıqlamasında bildirdi ki, məsələdən xəbərdardırlar:
“Bunun səbəbi bizdən yox, qarşı tərəfdən – Bakı Nəqliyyat Agentliyindən qaynaqlanır. Biz bütün lazımi tədbirləri görmüşük, qarşı tərəfdən cavab gözləyirik”.
Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə sorğumuza cavab olaraq bildirdi ki, bunun üçün həm “MilliÖn” həm də "BakıKart" tərəfindən zəruri addımlar atılmaqdadır:
“Həmin ərazidə hazırda "Araz" supermarketlər şəbəkəsinə aid mağazada olan 2 ədəd "MilliÖn" terminalı vasitəsi ilə "BakıKart"ın balansını artırmaq mümkündür. Yaxın günlərdə isə "Bravo" supermarketlər şəbəkəsinə aid mağazada yeni quaraşdırılan 3 ədəd "MilliÖn" terminalı da "BakıKart" ödənişlərini qəbul edəcək”.
Nərmin Vüqarqızı
