"3 yaşına kimi uşaqlara dövlət tərəfindən pulsuz yemək verilsin" - Deputatdan hökumətə "uşaq pulu" TƏKLİFİ

 12:27 23.06.2022     1278

Uşaq pulunun verilməsi sosial tələbat, çağırış və  sosial yanaşmadır. Əslində uşaqlar üçün müavinətin verilməsini hökümətin müzakirəsinə daxil edə bilmişdik. Lakin 44 günlük müharibə zamanı bu məsələ gündəmdən çıxdı. Çünki Azərbaycan müharibəyə xeyli pul xərcləməli oldu. Müharibədən sonrakı dövrdə də Qarabağın yenidənqurulması xərcləri artdı”.

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Razi Nurullayev uşaqlar üçün verilən müavinətin bərpası ilə bağlı müzakirələrə münasibət bildirərkən dedi.

Millət vəkili qeyd etdi ki, müavinətin verilməsi məsələsi yenidən gündəmə gətirilməlidir və bu vacibdir:

“Neft və qazın qiyməti artır. Bu səbəblə dövlət büdcəsinə əlavə daxilolmalar olduğundan bilirsiniz ki, bəzi artımlar nəzərdə tutulub və bunlar həyata keçiriləcək. Əlavələr əmələ gəldikcə, digər sosial layihələr də həyata keçiriləcək. “Uşaq pulu” isə bunların önündə dayanan bir məsələdir”.

Razi Nurullayev təklif etdi ki, müxtəlif əhali kateqoriyaları üçün nəzərdə tutulan sosial paketlərin hamısı olmasa da, bəziləri dayandırıla bilər və bütün bunların müqabilində yalnız “uşaq pulu” verilə bilər:

“Bu, bütün ailələrin sakitləşməsinə səbəb olar. Demək olar ki, ölkədə olan neqativ şərhlərin bəlkə də 70-80 faizinin dağılmasına səbəb olar”.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşündə bildirmişdi ki, “hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur”.

Nazirin bu açıqlamasına münasibət bildirən Razi Nurullayev hesab edir ki, bu məsələni bir ildə həll etmək məcburiyyəti yoxdur. Onun sözlərinə görə, əgər “uşaq pulu”nun verilməsi vacib bilinirsə, bunun da üsulları var:

“Birinci növbədə, 1 yaşından 3 yaşına kimi uşaqlara dövlət tərəfindən pulsuz yeməyin təmin olunması əsas tələb olmalıdır. Bu, bütün dünyada belədir. Bu, birmənalı olaraq vacibdir. Daha sonra, büdcədə əlavələr olduqca 1 yaşından 3 yaşına kimi uşaqlara müavinət verilsin. Daha sonra mərhələli şəkildə yaş hüdudları 1 yaşından 5-6 yaşa, sonra isə 10, 12, 15 və sairə qaldırılsın. Bu şəkildə bunu illər ərzində həyata keçirmək mümkün idi. Sosial ödənişlər dayandırılsa, əmələ gələn vəsaitləri də bura cəlb etsək, bu iş daha asan həyata keçirtmək mümkün olar”.

Xatırladaq ki, 2006-cı ildən uşaqlar üçün verilən müavinət dayandırılıb və əvəzində ünvanlı sosial yardım nəzərdə tutulub.

Nərmin Vüqarqızı