Büdcədə hamiləliyə və doğuma görə vəsait niyə azalıb? - AÇIQLAMA

 13:47 23.06.2022     338

"Dövlət Sosial Müdafiə Fondunun təklif edilən yeni büdcəsinə görə, hamiləliyə və doğuma görə vəsait 50,0 milyon manatdan 47.1 milyon manatadək azalıb". 

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, hamiləliyə, uşağın anadan olunmasına və 3 yaşınadək uşağa qulluğa görə olan ödənişlər bir-birinə yaxın istiqamətlərdir:

“Bu istiqamətlərin ikisi üzrə artım, digəri üzrə isə azalma var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim ki, bunun səbəblərini açıqlasınlar”.

Hamiləliyə və doğuma görə vəsaitin azalmasının səbəbini öyrənmək üçün Redaktor.az-ın əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladı.

Fondun mətbuat katibi Rəşad Mehdili sorğumuza cavab olaraq bildirdi ki, cari proqnoz 2,9 mln. manat azaldılıb:

“2022-ci ilin ilk 5 ayında hamiləlik və doğuma görə müavinət alanların say göstəricisində 2021-ci ilin ikinci yarımilliyinə münasibətdə uyğunlaşan gözləmə tempinin tədricən aşağı düşməsi (sosial stereotipin dəyişməsi), həmçinin müavinətlərin hesablanılmasında əsas amil olan orta gündəlik qazancın cari büdcədə nəzərə alınan proqnozlaşdırılan müvafiq göstəricidən qismən aşağı məbləğlərlə (rəqəmlərlə) formalaşması bu istiqamət üzrə də ən yüksək artım əmsalları nəzərə alınmaqla cari proqnozun 2,9 mln. manat azaldırlaraq 47,1 min. həcmində müəyyən edilməsinə əsas yaradıb”.

Nərmin Vüqarqızı