Şəhərətrafı qəsəbələrin avtobus dərdi bitmir ki, bitmir...

 17:33 01.07.2022     862

"Bakı şəhərində avtobus parkının yenilənməsi üçün, altı ildir intensiv işlər gedir. Və bu müddət ərzində dövlət başçısının göstərişi əsasında Bakı şəhərində istismarda olan avtobusların 50%-ni yeniləmək mümkün olub. Bunların təxminən 80%-i dövlət xətti ilə, qalanını isə özəl daşıyıcılar tərəfindən alınıb".

Redaktor.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev açıqlamasında deyib.

O, əlavə edib ki, bu avtobuslar da müxtəlif istiqamətlərdə, ilk növbədə şəhər mərkəzlərində, daha sonra isə, şəhərətrafında sərnişinlərin istismarına verilib. 

"Bu günlərdə şəhər mərkəzi ilə yanaşı Maştağa, Hövsan, Lökbatan, Qaraçuxur, Mərdəkan istiqamətlərində həmin avtobuslarda görmək olar. Amma ümumilikdə bizim ətraf kənd və qəsəbələr üzrə hələ də istismarda olan avtobuslar köhnə avtobuslardır, texniki baxımdan istismar müddəti bitmiş nəqliyyat vasitələridir. Onların dəyişdirilməsi ilə bağlı da daşıyıcı şirkətlərlə iş gedir ki, avtobus parkı yenilənsin.

Əvvəl gətirilmiş 12 metr uzunluğunda avtobuslar var ki, biz onları çox istəyirdik, ətraf qəsəbələrdə istismara verilsin, amma ətraf qəsəbələrdə olan yol infrastrukturunun vəziyyəti, en-uzunluq məsələləri həmin avtobuslara manevr imkanı vermir. Artıq 9 metrlik avtobuslar gətirilib, yaxın zamanlarda, qarşıdakı aylarda, düşünürük ki, bunlardan şəhər ətrafı ərazilərə istismara verək".

Mətbuat katibinin diqqətinə daha çox  "Çinar Trans" daşıyıcı şirkəti ilə bağlı çoxsaylı şikayətlərin olduğunu çatdırdıqda belə cavab verdi:

"Gələn hər bir müraciət, nəzərə alınır, daşıyıcılar aidiyyatı üzrə agentliyimizə çağIrılır, bu barədə xəbərdarlıq edilir. "Çinar Trans" şirkəti barədə də bizə çox saylı şikayətlər daxil olub. xüsusən, 165, 133, 202 nömrəli marşurut xətlərindən istifadə edən şərnişinlər çox narazılıq edirlər. Bəli, orda həm avtobusların köhnəliyi, tez-tez xarab olması, həm sürücülərin davranışı ilə bağlı problemlər mövcuddur.

Sürücülərin davranışı ilə bağlı problemi bu gün həll etməyə çalışırıq. Daşıyıcı şirkətlərin qarşısında tapşırıqlar qoyulub ki, sürücülər yenidən təlimatladırılsınlar, sürücü-sərnişin münasibətlərininə ciddi diqqət etsinlər, daha təmkinli və soyuqqanlı davransınlar, mübahisə mərhələsinə gəlib çatmasınlar. Bütün bunlarla bağlı, bəli, işlər aparılır. Bu işlərin əvvəlki illərlə müqayisədə bu gün müsbət nəticəsini görürük, sürücüdən qaynaqlanan mübahisələrin sayında azalma var".

İctimai nəqliyyat vasitələrində tez-tez yaşlı sürücülərə rast gəlirik. Bəzən avtobus sürücüləri arasında 65-70 yaşlı qoca kişiləri görürük. Avtobus sürücülərinin yaş məhdudiyyəti ilə bağlı verdiyimiz suala Mais Ağayev cavab verə bilmədi bu barədə məlumatı olmadığını bildirdi.

Sübhan Şərif

Vumart və Güvən reklamı Vumart Güvən